1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə orada cəmi 550 nəfər iştirak edirdi. İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən çoxu xanımlardır. O zaman partiyanın sədri Naxçıvanda neft lampasının işığı ilə işləyirdi. İndi partiyamızın sədri qurultayda deyir: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir”.
Üç onillik əvvəl isə oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildi.
Dövlət başçımızın dediyiu kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Bunu partiyanın yaranmasından sonra keçirilən bütün seçkilərin nəticələri də sübut edir, beynəlxal aləmdəki dostlarımız da. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası dünyanın ən güclü üç dövlətindən biri olan Çin Xalq Respublikasının aparıcı siyasi təşkilatı – Çin Kommunist Partiyası ilə dostluq və sıx əməkdaşlıq edir.
Dövlət başçımız dünən keçirilən qurultayda otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayaraq dedi: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Cənab Prezident həmişəki kimi yenə də əldə edilmiş uğurlara arxalanmağın mümkün olmayacağını da dilə gətirdi. “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”. Əsrlər boyu davam edən separatçılığa, terror, təxribat və işğallara son qoyduğumuzu, misli, tay-bərabəri olmayan Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı hərbi gücümüzün artırılmasının nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
Son zamanlar beynəlxalq aləmdə baş verən proseslər, xüsusən, Avropa ölkələrinin dağıdıcı miqrant axınına məruz qalması hamının gözü qarşısındadır. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Dövlət başçımız məhz bu amili nəzərə alaraq xatırlatdı ki, biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir.
Prezident xatırlatdı ki, biz bundan sonra da xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Yəni bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”. Ancaq ölkə daxilində müasir ideoloji işlər aparılmalıdır. Dövlət başçımızın fikrincə, düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.
Cənab Prezident həmişə olduğu kimi bu qurultayda da işğalçı qonşumuzdan fərqli olaraq, bizim real layihələr, aydın məqsədlər əsasında fəaliyyət göstərdiyimizi xatırlatdı: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Elə qonşularımızın monoetnik dövlət, təkmillətli cəmiyyət yaratmaq məqsədi də İlham Əliyevin nəzərində daim qınanılıb və qəbuledilməz hesab olunub. Həmin prinsiplərin əksinə olaraq, Azərbaycanda bütün dövrlərdə tolerantlıq və çoxkonfessialılıq hökm sürüb.
Ancaq biz bütün bunlarla yanaşı İslam həmrəyliyinə də özünəməxsus töhfələr vermişik. Cənab Prezidentin dediyi kimi, biz daim İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq: “Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq”. Əlavə edilir ki, bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır. “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik” deyən Prezident əlavə edir: “Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik… biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası haqqında danışan Prezident xatırlatdı ki, həmin bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsait xərclənib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.
Sonda xatırladaq ki, Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Elə bu arqumenti də cənab Prezidentin ifadələri ilə tamamlayaq: “Çünki enerji təhlükəsizliyi – bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq”.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor





















