1987-ci il. Gürcüstanın Xobi rayonunun Çaladidi kəndi.
Yanvarın 29-da isə qəfildən başlayan güclü yağışlar qarın sürətlə əriməsinə və bölgədəki çayların, xüsusilə Rioni çayının daşmasına səbəb olur. Sel sularının Çaladidi kəndini basması və xilasetmə əməliyyatının pik nöqtəsi 1987-ci il fevralın 1-dən 2-nə keçən gecəyə təsadüf edir. Daşqının vurduğu ilk və ən ağır zərbə məhz Xobi rayonunun Çaladidi kəndi olur. Respublikada dərhal fövqəladə vəziyyət elan edilir və su altında qalan əhalinin təxliyəsi üçün hərbi hissələr köməyə çağırılır.
Hərbi zirehli texnika ilə kənd sakinlərini təxliyə edən gənc bir əsgər 28 nəfərin həyatını xilas edir. O, suyun səviyyəsinin sürətlə qalxdığı, evlərin damınacan suya batdığı qorxulu şəraitdə təkbaşına idarə etdiyi BTR ilə ev-ev gəzərək çarəsiz qalan insanları maşına yığır. Rahib fərqli reyslərlə 28 nəfər yerli gürcü sakinini ,qadınlar, qocalar və uşaqlar daxil olmaqla, suların əlindən qurtarıb təhlükəsiz yerə çıxarır. Rahib Məmmədov təkcə mülki gürcüləri deyil, öz əsgər yoldaşlarını da ölümün pəncəsindən qurtarıb.
Əmr gəlir ki, texnikanı təhlükəsiz yerə aparın. Bu vaxt kənd sakinlərindən yaşlı bir kişi onlara yaxınlaşıb həyəcanla dedi:
– Uşaqlar, çox sağ olun, camaata yaxşı kömək etdiniz. Amma deyəsən, kənddə qalanlar var. Yuxarıdan səslər gəlir, darda qalan sakinlər qışqırıb kömək istəyirlər.
O, dayanmır. Komandirin əmrinə etiraz edərək deyir:
“Mən getməliyəm, orada uşaqlar boğulur. Mən bir əsgərəm, amma həm də bir insanam. O səsləri eşidə-eşidə burada dayansam, ömür boyu özümü bağışlamaram.”
Yerli sakinlərin həyatını xilas etmək üçün yenidən hərbi maşını ilə selin içərisinə daxil olur. Güclü sel dalğası tonlarla çəkisi olan ağır zirehli hərbi texnikanı öz axını ilə sürükləməyə başlayır. Əsgər maşını idarə etməyə çalışsa da, coşqun sular BTR-i Rioni çayı üzərindəki böyük dəmir körpünün konstruksiyalarına tərəf çırpır. Zərbənin təsirindən maşın körpünün metal dayaqları arasında sıxılıb qalır. Xilaskar əsgər aldığı ağır xəsarətlər və suyun basması nəticəsində elə maşının daxilindəcə qəhrəmancasına həlak olur.
Bu şəxs zirehli transportyorun sürücü-mexaniki olan 19 yaşlı Azərbaycanlı Rahib Məmmədov idi.
Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub.
Rahibin xilas etdiyi ailələrdən biri də məhz kəndin tanınmış sakinlərindən olan Çanturidzelər ailəsi idi. Həmin dəhşətli gündə fəlakətin içində bu ailədə bir oğlan uşağı dünyaya gəlir. Rahibin bu qəhrəmanlığından təsirlənən ailə və bütün kənd sakinləri körpəyə Rahib Çanturiya adını qoyurlar. Kəndlilər sonradan deyirdilər:
“Rahib o gecə təkcə 28 nəfəri xilas etmədi, o, ölümün hökm sürdüyü yerdə yeni bir həyatın doğulmasına keşik çəkdi”
Çaladidi sakinləri o anı belə xatırlayırlar: “O cəsur oğlan bizim üçün canını verdi. Körpünün altından gələn o son səs, bir qəhrəmanın iki xalqı birləşdirən səssiz fədakarlıq andı idi.”
Hadisədən bir müddət sonra, onun xilas etdiyi həmin sakinlər Rahib Məmmədovun doğma yurdu olan Ağdamın Mahrızlı kəndinə gəlmişdilər. Onlar qəhrəmanın təhsil aldığı məktəbin və muzeyin həyətində xatirə ağacları əkiblər. Həmin ağacların önündəki xüsusi lövhələrdə Rahibin həyatını xilas etdiyi gürcü sakinlərinin ad-familiyaları və ağacları basdırdıqları tarixlər tək-tək həkk olunub.
Yerli əhali bu gün də həmin ağaclara “Canlı Gürcüstan abidəsi” deyir.
Göstərdiyi böyük fədakarlığa görə ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. SSRİ-nin belə bir ordeni dinc dövrdə fədakarlığa görə verməsi o dövr üçün nadir hadisə idi
Haqqında çəkilən filmə baxın:
Prof.Dr.Zaur Əliyev





















