image-img-20261003-wa0004backend

Uğurlu nəticələrlə yadda qalan qurultay 

image-ads-728x90

Dünya siyasətində iqtisadi maraqlarla təhlükəsizlik hesablarının bir-birinə bağlandığı mərhələdə Azərbaycanın strateji çəkisi artır. Avrasiyanın kəsişmə nöqtəsində formalaşan güc balansı təkcə karbohidrogen resurslarının nəqli ilə məhdudlaşmır, bilavasitə tərəfdaş dövlətlərin milli təhlükəsizlik doktrinalarının təməl şərtlərini müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı İlham Əliyevin səsləndirdiyi konseptual mülahizələr rəsmi Bakının regional geosiyasi arxitekturadakı həlledici mövqeyini aydın şəkildə nümayiş etdirir. Dövlət rəhbərinin vurğuladığı kimi, enerji resursları ilə zəngin Azərbaycan bu gün geosiyasi və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.  

Beynəlxalq sistemdəki proseslər, Şərqi Avropadakı müharibənin dərinləşdirdiyi böhran, Yaxın Şərqdə artan qeyri-sabitlik və təchizat zəncirlərində yaranan qırılmalar enerji resurslarının strateji çəkisini kəskin şəkildə artırır.  Əvvəlki dövrlərdə enerji ticarəti sırf kommersiya müstəvisində qiymətləndirilirdisə, hazırda enerji təchizatının etibarlılığı dövlətlərin suveren mövcudluğunun, iqtisadi dayanıqlığının və ictimai sabitliyinin ayrılmaz hissəsi kimi qəbul olunur. Məhz həmin reallıq fonunda Azərbaycan Respublikası yalnız xammal satan tərəf qismində çıxış etmir, bütöv qitənin enerji təhlükəsizliyi matrisini formalaşdıran aparıcı dövlətə çevrilir. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər hövzəsini bilavasitə Cənub-Şərqi və Mərkəzi Avropa ilə bağlayan boru kəməri şəbəkəsi qitənin enerji arxitekturasında alternativsiz təhlükəsizlik qalxanı yaradır.

Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyası təkcə İtaliya, Yunanıstan və Bolqarıstan kimi ənənəvi alıcılarla məhdudlaşmır, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və digər Avropa İttifaqı üzvlərinin qazpaylayıcı sistemlərinə daxil olur. Tərəfdaş çevrəsinin ildən-ilə genişlənməsi Azərbaycanın beynəlxalq öhdəliklərə sadiqliyinin və təchizatda formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin nəticəsidir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının ali forumundakı çıxışı Azərbaycanın xarici siyasətində qarşıdakı mərhələlərin əvvəlcədən hesablandığını göstərir. Hasilat güclərinin artırılması, “Şahdəniz”, “Abşeron”, “Ümid” kimi nəhəng yataqlardan əldə edilən təbii qazın həcminin şaxələndirilmiş marşrutlarla nəqli Avropanın strateji seçimində Bakını mərkəzi mövqeyə çıxarır.

Respublikanın qlobal təsir imkanlarını artıran digər mühüm istiqamət bərpaolunan enerji sahəsində reallaşdırılan meqalayihələrdən ibarətdir. Xəzər dənizinin külək potensialı, Qarabağ və Şərqi Zəngəzurun hidroenerji ehtiyatları Azərbaycanı Avropanın yaşıl enerji keçidində aparıcı tərəfdaşa çevirir. Rumıniya, Gürcüstan və Macarıstanla müştərək icra olunan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsi regionun gələcək geoiqtisadi xəritəsini kökündən dəyişir. Karbohidrogen ehtiyatlarının elektrik enerjisi ixracı ilə tamamlanması respublikanın beynəlxalq təhlükəsizlik arxitekturasındakı vazkeçilməz rolunu qat-qat möhkəmləndirir.

Geosiyasi çəkinin artması paralel şəkildə müstəqil xarici siyasət kursunun daha qətiyyətlə aparılmasını şərtləndirir. Partiyanın VIII Qurultayında dövlət başçısının qeyd etdiyi mühüm məqam xarici siyasətin daxili işlərə müdaxilə cəhdlərini tamamilə istisna edən prinsiplər üzərində qurulmasıdır. Heç vaxt hansısa dövlətə qarşı riyakarlıq və ikili standartlar nümayiş etdirməyən Azərbaycan rəhbərliyi beynəlxalq münasibətlərdə ləyaqət, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq modelini əsas meyar seçir. Dünyada güc mərkəzlərinin təzyiq proseslərini işə saldığı mürəkkəb tarixi dönəmdə Bakı heç hansı blokun forpostuna çevrilmədən, milli maraqlarını qətiyyətlə qoruyur. Suveren mövqe, etibarlı tərəfdaş imici və prinsipial diplomatiya respublikanın beynəlxalq arenada toxunulmazlığını təmin edən qüdrətli sipərə çevrilir.

Təhlükəsizlik amilinin geosiyasi kontekstdə yüksəlişi Azərbaycanın hərbi-strateji qələbələri və postmünaqişə dövründə formalaşdırdığı yeni regional reallıqlarla sıx bağlıdır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi Cənubi Qafqazda onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoyur. Otuz ilə yaxın davam etmiş işğal dövrünün aradan qaldırılması təkcə daxili sabitliyi gücləndirmir, bütövlükdə regional tranzit və kommunikasiya xətlərinin təhlükəsizliyinə zəmanət verir. Qurultay kürsüsündən elan edildiyi kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası üçün artıq 28 milyard manatdan çox vəsait yönəldilir, həmin ərazilərdə 96 min vətəndaş yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsinin yenidən həyata qayıtması və Böyük Qayıdış proqramının uğurla davam etməsi Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil fəaliyyət qabiliyyətini aşkar göstərir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında bəyan etdiyi geosiyasi və təhlükəsizlik faktoru konsepsiyası ölkənin keçmiş təcrübəsini gələcək inkişaf vizyonu ilə üzvi şəkildə bağlayır. Enerji siyasəti milli maraqların təminatçısı, təhlükəsizliyin qarantı və beynəlxalq nüfuzun katalizatoru rolunda çıxış edir. İqtisadi potensial təhlükəsizlik sisteminə inteqrasiya edildikcə, Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sıraları daha da sıxlaşır. Beynəlxalq münasibətlər masasında Bakının rəyi olmadan regiona dair heç hansı ciddi qərarın qəbul edilə bilməməsi məhz həmin sistemli dövlətçilik xəttinin təntənəsidir.

Azərbaycanın təhlükəsizlik və geosiyasət faktoruna çevrilməsi prosesi təsadüfi amillərin məhsulu sayılmır, dəqiq hesablanmış praqmatik strategiyanın qanunauyğun zirvəsini təşkil edir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə eyniləşdirilməsi dövründə Bakının qlobal məsuliyyəti və təsir gücü daha da artır. İstehsalçı, tranzit və təhlükəsizlik ixracatçısı olan Azərbaycan Cənubi Qafqazdan Avropanın dərinliklərinədək uzanan geniş coğrafiyada sabitliyin, dayanıqlı inkişafın və strateji balansın əsas sütunu statusunu möhkəm saxlayır. Dövlət başçısının YAP forumunda səsləndirdiyi mesajlar Azərbaycanın qarşıdakı dövrdə beynəlxalq münasibətlərdə daha fəal mövqe tutacağından xəbər verir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki