“Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kiloqramdan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə müvəqqəti yararsız hesab edilirlər”.
Korrekt.az xəbər verir ki, bu barədə Plat.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib:
Qurumun məlumatına görə, Boy və çəki göstəricilərinə görə hərbi xidmətə yararlılıq məsələsi ilə bağlı qaydalar “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 12 və 13-cü maddələrinin I qrafasına əsasən müəyyən edilir:
“6 aydan sonra çağırışçının bədən çəkisinin azalmasına səbəb olan hər hansı xəstəlik aşkarlanmazsa, bədən kütlə indeksində mənfi dinamika müşahidə olunmazsa və fiziki iş qabiliyyəti saxlanılarsa, onun hərbi xidmətə yararlılığı yenidən qiymətləndirilir”,-qurumun rəsmisi əlavə edib.
Qeyd olunub ki, boyu 148–160 sm olan şəxslərdə bədən çəkisi 45 kiloqram və daha çox, boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütlə indeksi 17,5 və daha yüksək olduqda şəhadətləndirilmə “d” bəndi üzrə aparılır. Belə ki, həmin şəxslər “A-3” təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilirlər.
Pərviz Sədrəddinov əlavə edib ki, çağırışçılar əvvəlcə qeydiyyatda olduqları rayon (şəhər) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilirlər:
“Ehtiyac yarandıqda onların ixtisaslaşmış tibb müəssisəsində müayinəsi təmin edilir. Müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə yekun qərar isə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin ‘Xəstəliklər cədvəli’nin I qrafasının tələblərinə uyğun qəbul olunur”, – deyə sonda cavabda vurğulanıb.





















