Fransada müşahidə olunan rekord isti hava şəraiti kənd təsərrüfatına ciddi zərbə vurub. Ölkədə soğan başda olmaqla bir sıra tərəvəz və meyvələrin istehsalı kəskin azalıb, fermerlər isə milyonlarla avroluq zərərlə üzləşiblər.
Korrekt.az xəbər verir ki, fermer birliklərinin məlumatına görə, son üç həftə ərzində ard-arda baş verən üç güclü istilik dalğası açıq sahələrdə yetişdirilən məhsulların böyük hissəsini məhv edib. Nəticədə yaxın həftələrdə supermarketlərdə soğan, kahı, körpə göyərti, yarpaqlı kələm, yerkökü, pırasa, sarımsaq, qaragilə və çiyələk kimi məhsulların çatışmazlığı gözlənilir.
Fransanın tərəvəz istehsalçılarını təmsil edən birlik bu ili kənd təsərrüfatı üçün “dəhşətli il” adlandıraraq bildirib ki, bəzi məhsullar üzrə itkilər minlərlə tonla ölçülür. Təşkilatın qiymətləndirməsinə əsasən, bəzi sahələrdə illik məhsulun 50 faizədək hissəsi məhv ola bilər.
İstilik dalğaları pomidor istehsalına da ağır təsir göstərib. Mövsümün əvvəlində təxminən 495 min ton pomidor yığılacağı proqnozlaşdırılsa da, yüksək temperatur səbəbindən məhsulun böyük hissəsinin inkişafı və yetişməsi dayanıb.
Mütəxəssislər bildirirlər ki, vəziyyət yalnız Fransa ilə məhdudlaşmır. Avropanın digər ölkələrində də müşahidə olunan ekstremal istilər logistika və ərzaq təchizatı zəncirində problemləri daha da dərinləşdirir. Su qıtlığı səbəbindən yaxın həftələrdə hava şəraiti yaxşılaşmasa, yeni əkinlərin aparılması da mümkün olmayacaq.
Meteoroloji məlumatlara görə, may ayından bəri Fransada üç dəfə güclü istilik dalğası qeydə alınıb və bəzi bölgələrdə havanın temperaturu 44 dərəcəyədək yüksəlib. Quru və isti küləklər torpaqdakı rütubəti sürətlə buxarlandırdığı üçün bitkilər susuz qalaraq məhv olur.
Fermerlər bildirirlər ki, yaranmış vəziyyət təkcə məhsul itkisi ilə məhdudlaşmır. Bir çox kənd təsərrüfatı müəssisəsi fəaliyyətini dayandırır, mövsümi işçilərin işə qəbulu təxirə salınır, bəzi əməkdaşlar isə məcburi məzuniyyətə göndərilir.
Ekstremal istilər heyvandarlıq sektoruna da ciddi ziyan vurub. Məlumata görə, Fransada indiyədək təxminən 700 min toyuq tələf olub. Sağ qalan quşlarda isə yumurta istehsalı əhəmiyyətli dərəcədə azalıb, yumurtaların ölçüsü kiçilib və bəzi hallarda quşlar tamamilə yumurtlamağı dayandırıblar.
Fermerlər baş verənləri ölkə kənd təsərrüfatı tarixində görünməmiş böhran kimi qiymətləndirirlər.





















