ABŞ prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatların tezliklə başa çata biləcəyini bildirib. Onun sözlərinə görə, artıq hücum ediləcək demək olar ki, heç nə qalmayıb.
Korrekt.az xəbər verir ki, Tramp bu barədə Axios nəşrinə verdiyi təxminən beş dəqiqəlik telefon müsahibəsində danışıb.
“Bir az bundan, bir az da ondan… İstədiyim zaman bitəcək”, – deyə ABŞ prezidenti vurğulayıb.
Bununla belə, Axios yazır ki, Trampın açıqlamalarına baxmayaraq, ABŞ və İsrail rəsmiləri döyüşlərin nə vaxt başa çatacağı ilə bağlı konkret planın olmadığını bildirirlər. İsrailin müdafiə naziri İsrael Katz isə müharibənin “bütün məqsədlərə nail olunana və bu kampaniyada qəti qələbə qazanılana qədər heç bir vaxt məhdudiyyəti olmadan davam edəcəyini” söyləyib.
Nəşrin məlumatına görə, ABŞ və İsrail rəsmiləri İrana qarşı ən azı iki həftə davam edə biləcək hücumlara hazırlaşırlar. Tramp isə müharibənin nə vaxt bitəcəyi ilə bağlı dəqiq vaxt açıqlamaqdan imtina edib.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, Amerika ordusunun əsas məqsədi İranın Hörmüz boğazında güc nümayiş etdirmək və beynəlxalq gəmiçiliyi pozmaq imkanlarını məhdudlaşdırmaqdır.
“Amerika qüvvələri İran rejiminə dağıdıcı zərbələr endirməyə davam edir. ABŞ-ın döyüş gücü artır, İranın döyüş gücü isə azalır”, – deyə o qeyd edib.
Tramp isə müsahibəsində müharibənin gedişindən razı olduğunu bildirib.
“Biz qrafikdən xeyli irəlidəyik. Hətta ilkin altı həftəlik dövrdə belə, gözlədiyimizdən daha çox ziyan vurmuşuq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, İran “Yaxın Şərqin qalan hissəsini ələ keçirməyə çalışıb” və buna görə də ABŞ-ın həyata keçirdiyi əməliyyat bir növ “qisasdır”.
“Onlar 47 illik ölüm və dağıntıların əvəzini ödəyirlər. Bu, qisasdır. Bu, o qədər də asan olmayacaq”, – deyə Tramp əlavə edib.
ABŞ hüquq-mühafizə orqanları Federal Təhqiqat Bürosundan (FTB) İranın sahil bölgələrinə pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi barədə xəbərdarlıq alıb. Media məlumatlarına görə, Kaliforniya ştatı da potensial risk zonasına daxil ola bilər. Lakin FTB mümkün hücumların vaxtı və ya konkret hədəfləri barədə məlumat əldə edə bilməyib.
Bundan əlavə, Qərb mediası Rusiyanın Tehrana yalnız kəşfiyyat məlumatları verməklə kifayətlənmədiyini iddia edir. Bildirilir ki, Moskva həm də ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki obyektlərinə zərbələrin planlaşdırılmasında İrana yardım edir və Ukraynaya qarşı müharibə zamanı qazandığı hərbi təcrübəni bölüşür.





















