BBC-nin məlumatına görə, Amsterdam dünyada ət məhsullarının, eləcə də qazıntı yanacaqları ilə əlaqəli məhsulların ictimai reklamını qadağan edən ilk paytaxt şəhəri olub.
Korrekt. az xəbər verir ki, mayın 1-dən bəri Hollandiya paytaxtındakı reklam lövhələrində, tramvay dayanacaqlarında və metro stansiyalarında hamburger, benzinlə işləyən avtomobillər və aviaşirkətlərin reklamları yoxa çıxıb.
Şəhər siyasətçiləri bildirirlər ki, təşəbbüs Amsterdamın küçə mühitini yerli hakimiyyət orqanlarının ətraf mühit məqsədlərinə uyğunlaşdırmağı hədəfləyir.
Bu məqsədlər Niderland paytaxtının 2050-ci ilə qədər karbon neytralına çevrilməsini və yerli sakinlərin eyni dövrdə ət istehlakını yarıya qədər azaltmasını nəzərdə tutur.
Qeyd olunur ki, Amsterdamın açıq hava reklam bazarında ətin payı nisbətən azdır və reklam xərclərinin 0,1%-ni təşkil edir, fosil yanacaqla əlaqəli məhsullar isə bu göstəricini təxminən 4%-ə çatdırır.
Sektoru təmsil edən Hollandiya Ət Sənayesi Assosiasiyası bu addımdan narazıdır və bunu “istehlakçı davranışına təsir göstərməyin arzuolunmaz yolu” adlandırıb.
Bu arada, Hollandiya Səyahət Agentləri və Tur Operatorları Assosiasiyası uçuşları da əhatə edən tətillərin reklamına qoyulan qadağanın şirkətlərin kommersiya azadlığına qeyri-mütənasib məhdudiyyət olduğunu bildirib.





















