Henley & Partners şirkətinin hazırladığı “Dünya Pasport İndeksi”nə əsasən, Gürcüstan pasportu bu il də regionda ən güclü sənəd statusunu qoruyub saxlayıb.
Korrekt.az xəbər verir ki, yeni reytinqdə Gürcüstan 46-cı pillədə qərarlaşıb. Bu göstərici keçən illə müqayisədə iki pillə geriləmə deməkdir. Gürcüstan vətəndaşları hazırda 123 ölkəyə vizasız səyahət edə bilirlər.
Rusiya 50-ci yerdədir (114 ölkə), Türkiyə 51-ci pillədə (113 ölkə), Ermənistan isə eyni pillədə 67 ölkəyə vizasız giriş imkanı ilə qərarlaşıb. Ölkəmiz isə Azərbaycan 72-ci yerdə olmaqla 71 ölkəyə vizasız səfər imkanı verir.
Qlobal reytinqin lideri isə 193 ölkəyə vizasız və ya gəlişdə viza almaq imkanı verən Sinqapur pasportudur. Sinqapuru 190 vizasız istiqamətlə Cənubi Koreya və 189 istiqamətlə Yaponiya izləyir.
Henley Pasport İndeksi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatlarına əsaslanır və 199 pasportun 227 ölkəyə giriş imkanlarını qiymətləndirir. Şirkət hökumətlərə investisiya və rezidentlik proqramlarının hazırlanması üzrə məsləhətlər verir və bu istiqamətdə indiyədək dünya iqtisadiyyatına 8 milyard dollardan çox investisiya cəlb edib.



















