image-1200_0_1762844377-2768backend

Britaniya Rusiya ilə muharibəyə başlayıb  – The Telegraph

Böyük Britaniya artıq Rusiya ilə “hibrid müharibə” vəziyyətindədir. Korrekt.az xəbər verir ki, bu barədə The Telegraph qəzetinin köşə yazarı Hamiş de Bretton-Qordonun məqaləsində qeyd olunur.

Müəllif yazır ki, Britaniya qoşunlarının Avropa və NATO müttəfiqləri ilə birlikdə hərəkətə keçməsi və Belçikada Kral Hərbi Hava Qüvvələrinin (RAF) alayının yerləşdirilməsi, Rusiya ilə “boz zona” adlandırılan hibrid müharibənin açıq mərhələyə keçdiyini göstərir.

Kral Hərbi Hava Qüvvələrinin əsas vəzifəsi Avropadakı hava limanlarını, yüksək texnologiyalı təyyarələri və pilotları Rusiya dronlarının mümkün hücumlarından qorumaqdır. Müəllif qeyd edir ki, bu addım NATO ərazisinin müdafiəsini gücləndirmək üçün “tamamilə məqsədəuyğundur”.

“Yeni Soyuq Müharibə” başlayır

De Bretton-Qordonun sözlərinə görə, Böyük Britaniya xüsusi xidmət orqanları uzun müddətdir “yeni Soyuq Müharibənin” qızışdığı barədə xəbərdarlıq edirlər. MI5-in keçmiş rəhbəri Eliza Manningham-Buller və digər ekspertlər bildirirlər ki, Rusiya Qərbə, xüsusilə Avropaya qarşı təxribat, casusluq və kiberhücumlar vasitəsilə genişmiqyaslı hibrid müharibə aparır.

Müəllif xatırladır ki, Rusiyanın Salsberidə “Noviçok” maddəsindən istifadə etməklə həyata keçirdiyi kimyəvi hücum minlərlə insanın həyatına təhlükə yaratmışdı. Onun fikrincə, Moskvanın hazırda Ukraynada pilotsuz uçuş aparatlarından istifadə etməsi gələcəkdə Avropada da oxşar təhdidlərə səbəb ola bilər.

“Qırmızı Ordu” mifinin sonu

Köşə yazarı vurğulayır ki, Rusiyada “məğlubedilməz Qırmızı Ordu” mifinin aradan qalxması artıq reallığa çevrilib. Ukrayna ordusunun son əməliyyatları göstərib ki, Rusiya infrastrukturu pilotsuz zərbələr qarşısında həssas vəziyyətdədir və bu, Kreml rejimini ciddi şəkildə sarsıdır.

Müəllif bildirir ki, dronlar müasir müharibənin “universal valyutasına” çevrilib: “Bu silah növünə nəzarət edənlər döyüş meydanına və nəticədə müharibənin taleyinə də nəzarət edirlər.”

“Müharibə artıq buradadır”

De Bretton-Qordonun qənaətinə görə, Avropa ölkələri indi Putinin hibrid hücumlarını neytrallaşdırmaq üçün birgə fəaliyyət göstərməlidirlər:

“Lakin bu hibrid dövrdə bir şey aydındır — müharibə təkcə yaxınlaşmır, o artıq buradadır. Düşmənlər qapımızdadır və bəzi hallarda artıq içərimizdədir.”

Daha əvvəl Vladimir Putin ABŞ Prezidenti Donald Trampla gərginlik fonunda yeni nüvə sınaqlarından danışmışdı. Ekspertlərin fikrincə, bu, Rusiya ilə Qərb arasında gərginliyin “soyuq müharibə” dövründən bəri görünməmiş səviyyəyə yüksəldiyini göstərir.

Bundan başqa, Reuters noyabrın 4-də Brüssel və Lyej hava limanlarının Rusiya mənşəli pilotsuz uçuş aparatlarının səmada görünməsi barədə xəbərlərdən sonra müvəqqəti bağlandığını da xəbər vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki