image-1backend

Dəlixanada gizli milyonlar, gizli eşqin qurbanları, ölüm hökmünün şoku Ölkəni lərzəyə salan cinayət işi niyə “yəhudi işi” adlanırdı?

image-ads-728x90

1953-cü ildə vəfat etmiş İosif Stalinin yerinə Sov.İKP MK-nın Birinci katibi vəzifəsinə gələn Nikita Xruşşovun hakimiyyət illəri ümumi, simvolik də olsa liberallaşma səbəbindən adətən “mülayimləşmə dövrü” (ottepel) kimi qiymətləndirilir. Bununla belə, məhz Xruşşovun dövründə sonradan “trikotajçılar işi” və ya təqsirləndirilənlərin əksəriyyətinin yəhudi olması səbəbindən “yəhudi işi” adlandırılan məhkəmə prosesi baş tutdu. Məhkəmənin hökmü son dərəcə sərt idi: 21 nəfər ölüm cəzasına məhkum edildi.

Əslində, ən ağır cəza növü məhz bu iş üçün qaytarıldı. Onlar həbs edilərkən və istintaq aparılarkən iqtisadi cinayətlərə görə ölüm hökmünün icrasına moratorium qoyulmuşdu. Trikotajçılar üzərində keçirilən məhkəmə prosesi bu gün də kəskin mübahisələr doğurur: bəziləri ölüm hökmlərini kölgə iqtisadiyyatı nümayəndələrinə (“sexoviklərə”) qarşı mübarizədə əsaslı addım sayır, digərləri isə prosesin nümayiş xarakteri daşıdığını, işin saxtalaşdırıldığını və ölüm hökmünün sosialist mülkiyyətini talayanlara sarsıdıcı zərbə vurmaq istəyən Xruşşovun göstərişi ilə çıxarıldığını iddia edirlər.

Səs-küylü məhkəmə işi belə başladı. 1950-ci illərin ortalarında Qırğızıstan SSR-in paytaxtı Frunze şəhərində (1991-ci ilin fevralında şəhərin Bişkek adı qaytarıldı) yerləşən Alamədin trikotaj-toxuculuq fabrikində usta köməkçisi vəzifəsində 35 yaşlı Ziqfrid Qazenfrants işləyirdi. Milliyyətcə yəhudi olan valideynləri İkinci Dünya müharibəsi zamanı Rumıniyadan Qırğızıstana təxliyə edilmişdilər.

Gizli milyonçular

Trikotaj fabrikində işləyən Qazenfrants yaxşı görürdü ki, Xruşşovun kənd təsərrüfatında apardığı islahatlara baxmayaraq, sovet insanının əsas ehtiyaclarından biri – səliqəli və dəbli geyinmək arzusu – hələ də ödənilməmiş qalır. Yüngül sənayedəki mövcud vəziyyəti dəyişmək planı Ziqfridlə həmyaşıdı, Oktyabr İnqilabının 42-ci ildönümü adına fabrikin toxuculuq sexinin ustası İsaak Zinger arasında söhbət zamanı yarandı. O da yəhudi ailəsindən idi, lakin onun ailəsi təxliyə olunmamış, sahibkarlıq fəaliyyəti təşkili cəhdinə görə sürgün edilmişdi. Üstəlik, Zingerin atasının trotskiçilərlə əlaqəsi qeydə alınmışdı ki, bu da hakimiyyətin ona rəğbətini artırmırdı.

Gələcək gizli sahibkarlar əvvəlcə əllərində olan bütün vəsaiti topladılar (qohumlar və dostlar da kömək etdi), Çexoslovakiyadan Qırğızıstana gətirilmiş on əyirici dəzgah və xammal aldılar. Sonra trikotaj sexinin rəisi Matvey Qoldmanı da işə cəlb etdilər. O, avadanlığın fabrikin ərazisində yerləşən avtobus qarajında quraşdırılmasına şərait yaratdı.

Gizli müəssisədə fabrikin etibarlı toxucuları işləyirdi. Onlar əsas iş günündən sonra əmək fəaliyyətini davam etdirirdilər. Lakin əlavə zəhmət rəsmi maaşdan bir neçə dəfə yüksək olan qeyri-rəsmi əməkhaqqı ilə kompensasiya edilirdi. Hazırlanan koftalar, corablar, reytuzlar, uşaq geyimləri və tül pərdələr əvvəlcədən danışılmış ticarət məntəqələrində satılırdı. Gizli sex sahibləri üzüyola satıcılara layiqli ənam verməkdə əsla xəsislik etmirdilər. Onların gəlirindən Qırğızıstan SSR Dövlət Plan Komitəsinin sədri Bekjan Düşəliyev də pay alırdı.

Bir də xəsisliyin nə mənası vardı, bir halda ki, qrup cəmi iki il yarımdan sonra ilk milyonunu qazandı (müəssisə ildə sabit şəkildə 400 min rubl xalis mənfəət gətirirdi). Trikotaj “karteli”nin artıq milyonçu olduğunu onlara fabrikin mühasibi Yefim Abramoviç bildirdi. Gizli şirkətin bütün maliyyə məsələləri onun nəzarətində idi.

Dəbdəbəli həyat

Qanunsuz sxemin iştirakçıları vaxt keçdikcə fəaliyyətlərini genişləndirmək qərarına gəldilər. Onlar istifadəsiz qalmış hərbi anqarlardan yararlanaraq ora əlavə dəzgahlar yerləşdirdilər. Həmin avadanlıq tikiş artellərində silinməyə hazırlandığından ucuz başa gəlmişdi. İşçi qüvvəsi isə yəhudi məhəllələrindən tapıldı. Toxucuların səxavəti haqqında eşidən soydaşları əlavə qazanc təklifini tərəddüd etmədən qəbul edirdilər.

Belə gəlirlər sayəsində trikotaj bossları və ailələri üçün olduqca firavan həyat qura bilirdilər. Ziqfrid Qazenfrants dəbdəbəli bir ev tikdirdi və həyat yoldaşına kömək etmək üçün qulluqçu tutdu. Gizli milyonçunun xanımı xeyli brilyant bəzək əşyası taxırdı. Qazenfrants özünü də yaddan çıxarmadı: diplomatik nümayəndəliklərdən birindəki əlaqələrindən istifadə edərək şəxsi istifadəsi üçün işlənmiş “Rolls-Royce” avtomobili aldı. Zinger də özünü heç nədən məhrum etmirdi. O, avtomobil aldı, restoranlarda iri məbləğlər xərclədi, həftə sonları Soçi və Yurmalaya uçur, məşuqələrini şampan doldurulmuş vannada çimizdirirdi.

Sexoviklər pullarını, dövrün ənənəsinə uyğun olaraq, şüşə bankalarda saxlayırdılar. Ağzı möhkəm bağlanmış bankalar həyətyanı sahələrdə torpağa basdırılırdı. Deyilənə görə, qrupun bütün üzvləri vaxt keçdikcə daimi yaşamaq üçün İsrailə köçmək və tarixi vətənlərində rahat məskunlaşmaq məqsədilə pul toplayırdılar. Əlbəttə, onlar qeyri-qanuni fəaliyyət göstərdiklərini başa düşürdülər. Lakin özlərinə belə haqq verirdilər ki, dövlətdən qəpik də oğurlamayıblar, qazandıqlarını öz zəhmətləri ilə əldə ediblər.

Gecə qonaqları

Sexoviklərin bədbəxtliyindən, Qırğızıstandakı varlı toxucular barədə şayiələrin axır ki, çatdığı sovet hakimiyyətində onların gizli biznesi haqqında fərqli düşünürdülər. Biznesmenləri qanunun bütün sərtliyi ilə cəzalandırmaq qərara alındı ki, o dövrdə SSRİ-də xeyli artmış gizli sexoviklər üçün ibrət olsun.

Hüquq-mühafizə orqanları Stalin dövrünün ənənələrinə tam uyğun hərəkət etdilər. 1962-ci ilin yanvarında gecə vaxtı heç nə anlamayan şübhəliləri yataqlarından qaldırıb naməlum istiqamətə apardılar, yaxınlarına isə heç bir izahat vermədilər. Həbs olunanların ailə üzvləri axtarışlar zamanı hüquq-mühafizə əməkdaşlarının xeyli qiymətli əşyanı mənimsəməsindən şikayət etməyə çalışsalar da, onların sözlərinə məhəl qoyan olmadı.

Saxlanılanların nazı ilə oynamadıalr. Məsələn, onları içi buz kimi soyuq su doldurulmuş çəlləklərə salır, çıxa bilməsinlər deyə üstünə barmaqlıq qoyurdular. Mühasib Yefim Abramoviç o qədər döyüldü ki, daxili qanaxma keçirdi. Həkimlər onu möcüzə nəticəsində xilas edə bildilər. Dövlət Plan Komitəsinin sədri Bekjan Düşəliyevi etirafa məcbur etmək üçün isə çekistlər onun həyat yoldaşını həbs edərək “xüsusi üsullarla” dindirməyə başladılar. Arvadının qışqırıqlarını və ağlamağını eşidən Bekjan etiraf protokolunu imzalamağa razı oldu.

İbrəti-aləm

“Trikotajçılar işi” üzrə səs-küylü məhkəmə prosesi 1962-ci il martın 5-də başladı. İşin dövlət üçün xüsusi əhəmiyyət daşıdığı dərhal məlum oldu: gizli sex sahiblərini mühakimə etmək üçün SSRİ Ali Məhkəməsinin səyyar iclası təşkil edildi. Bu isə o demək idi ki, çıxarılacaq hökmdən asılı olmayaraq, ondan şikayət vermək mümkün olmayacaqdı, çünki Ali Məhkəmədən yuxarı instansiya yox idi. Bununla belə, təqsirləndirilən şəxslər əvvəlcə ağır cəzadan yaxa qurtara biləcəklərinə ümid edirdilər.

“Dövlətə heç bir ziyan vurmadıq. Dövlətin nəyi vardısa, yenə də qaldı. Öz vəsaitimiz hesabına işləyir, uçota alınmamış məhsul istehsal edirdik. Bizi dövlət əmlakını mənimsəməkdə mühakimə etmək olmaz”, — deyə Qazenfrants özünü müdafiə etməyə çalışırdı. Lakin hakimlər onun arqumentlərinə məhəl qoymadılar. 21 nəfərin əmlakı müsadirə edilməklə ölüm cəzasına məhkum edilməsi barədə hökm təqsirləndirilənləri sarsıtdı. Axı iqtisadi cinayətlərə görə ölüm hökmü hələ Stalin dövründə ləğv edilmişdi.

Əslində, sex sahibləri müəyyən mənada haqlı idilər. SSRİ-də iqtisadi cinayətlərə görə ölüm hökmünün tətbiqinə moratorium qoyulmuşdu. Üstəlik, bu moratorium həm onlara ittiham irəli sürülən zaman, həm də istintaq dövründə qüvvədə idi. Lakin məhkəmə prosesi başlananda sovet hakimiyyəti görünməmiş addım ataraq moratoriumu ləğv etdi. Təqsirləndirilənlərdən biri — Qırğızıstan Nazirlər Soveti yanında Sənaye şöbəsinin müdiri Yuli Oşeroviç məhkəmənin nəticəsini əvvəlcədən öyrəndi və güllələnməni gözləməmək üçün hökm elan edilməzdən az əvvəl kamerasında intihar etdi.

Hökmü eşidən Qazenfrants və Zinger tam ruhdan düşdülər. Kamera yoldaşlarının xatirələrinə görə, hər ikisi dərin sarsıntı keçirir, tez-tez ağlayır, ümidsizlik anlarında isə başlarını divara vururdular. Hökm məhkəmə başa çatdıqdan az sonra icra olundu. On dörd sex sahibi, o cümlədən Qazenfrants, Zinger, Abramoviç və Qoldman güllələndi və adsız məzarlarda dəfn edildi. Ölüm cəzasına məhkum edilmiş yeddi nəfər isə müharibə veteranı olduqları üçün güllələnməkdən xilas oldular və cəzaları 15 il həbs düşərgəsi ilə əvəz edildi. Digər təqsirləndirilən şəxslər isə 5 ildən 15 ilədək azadlıqdan məhrum edildilər.

“Pressklub”dan: SSRİ-ə ölüm hökmü 1947-ci ildə ləğv edildi. Amma üç il sonra “zəhmətkeşlərin xahişi ilə” vətən xainlərinə, casuslara, diversantlara münasibətdə bərpa olundu. 1954-cü ildən ağırlaşdırıcı hallarla qəsdən adam öldürmək də edamla cəzalana bilərdi. 1960-cı ildə iri məbləğdə rüşvət almaq edama layiq əməllər kateqoriyasına salındı. Nəhayət, 1962-ci ildən bir sıra iqtisadi cinayətlərə (dövlət və ictimai əmlakın xüsusilə böyük miqdarda talanması, valyuta əməliyyatı qaydalarının pozulması və s.) görə də an ağır cəza tətbiq oluna bilərdi. Normal hüquq prinsipinə görə qanunun geriyə qüvvəsi olmur. Lakin “Trikotajçılar işi”ndə qanun geriyə tətbiq edildi və 21 nəfərə ölüm hökmü çıxarıldı. Başqa bir məşhur prosesdə – “Rokotov, Faybışenko və digər valyutaçılar işi”ndə – də eyni cür davranıldı. 

Kədər evinin biznesi

Həmin illərdə gizli trikotaj sexləri təkcə Qırğızıstanda fəaliyyət göstərmirdi. 1957-ci ildə Boris Royfman da yeraltı biznesini sürətlə genişləndirirdi. O, Kalinin şəhərində (indiki Tver) Karlar Cəmiyyətinin bazasında uçota alınmayan geyim istehsalı təşkil etmişdi. Əlillərin əməyindən istifadə edərək ilkin kapital qazanan (səxavətli Qazenfrants və Zingerdən fərqli olaraq onlara qəpik-quruş ödəyirdi) 32 yaşlı təşəbbüskar Royfman qərara gəldi ki, əyalətdə artıq ona görüləcək iş qalmayıb və paytaxta yollandı.

Lakin milyonlar qazanmazdan əvvəl o, iki min rubl rüşvət verməli oldu. Korrupsiyaya bulaşmış məmurlar o vaxt Moskvanın Malaya Qruzinskaya küçəsində yerləşən Krasnopresnenski Psixonevroloji Dispanserinin emalatxanalarının müdiri vəzifəsini məhz bu məbləğə satdılar. Yeni iş yerini nəzərdən keçirən Royfman başa düşdü ki, faktiki olaraq qızıl mədəni tapıb — ruhi xəstələrin pulsuz əməyi.

Qalırdı yalnız bir problem — gizli istehsal olunan məhsulların satışı. Royfman anlayırdı ki, Moskvada yeni adamdır və ciddi problemlərlə üzləşə bilər. Buna görə də əlaqələri geniş olan və lazım gəldikdə münasib şəxslərə rüşvət verə biləcək tanışı, 39 yaşlı Şaya Şakermanı işə cəlb etmək qərarına gəldi. Şakerman bu təklifə böyük həvəslə yanaşdı. Vaxtilə tibb institutunu yarımçıq qoyan, fırıldaqçılığı öz peşəsinə çevirən Şaya 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində oğurluqla məşğul oldu, 1953-cü ildə yaxalanaraq 10 il düşərgə cəzası aldı. Lakin bir il belə keçmədən amnistiyaya düşərək azadlığa çıxdı və əvvəlki fəaliyyətinə daha ehtiyatlı şəkildə davam etdi. Royfmandan təklif alanda o, rəsmən “Balıqçı-idmançı” müəssisəsində işləyirdi. Royfmanın planı ilə tanış olduqdan sonra dərhal işdən çıxdı və qısa müddət sonra psixonevroloji dispanserdə fəaliyyət göstərən karton məmulatları sexinin müdiri vəzifəsinin icrasına başladı.

Zirzəmidə köləlik

Əlbəttə, bu işdə dispanserin baş həkimi də iştirak edirdi. O, maaşı məbləğində rüşvət müqabilində gizli istehsala və pasiyentlərin faktiki qul əməyindən istifadəyə göz yummağa razılıq vermişdi. “Yaşıl işıq” alan Royfman və Şakerman 58 dəzgah alaraq onları dispanserin yaxınlığındakı binaların zirzəmilərində yerləşdirdilər. Xammal isə Özbəkistandan və Zaqorsk Trikotaj Fabrikindən gətirilirdi.

Dispanserin pasiyentləri zəif işıqlandırılan, havasız və dar zirzəmilərdə üç növbə ilə işləyirdilər. Təbii ki, yalnız toxuculuq və tikiş işini öyrənə bilən xəstələr bu işə cəlb olunurdu. Pasiyentlər arasında rəhbərliyin nə ilə məşğul olduğunu yaxşı anlayanlar da vardı və onlar hətta DTK-ya ərizələr yazırdılar. Lakin bu müraciətlərin heç biri nəticə vermirdi — ruhi xəstələrin ifadələri hüquq-mühafizə orqanlarında etibarlı sayılmırdı.

Zirzəmilərdə istehsal olunan kofta və sviterlər alıcılara saf yundan hazırlanmış məhsul kimi təqdim edilirdi. Əslində isə onların tərkibində müxtəlif qatışıqlar kifayət qədər idi. Bununla belə, dispanserdəki gizli artelin fəaliyyəti dövründə ümumilikdə təxminən 460 ton yun emal edildi.

Şakerman Royfman üçün son dərəcə dəyərli tərəfdaş idi. 1961-ci ildə SSRİ-də pul islahatı aparılarkən Şayanın əlaqələri onların köməyinə çatdı. Həmin vaxta qədər cütlük artıq bir milyon rubl qazanmışdı və köhnə pulları rəsmi qaydada yeniləri ilə dəyişmək mümkün deyildi. Şakerman əmanət kassalarındakı tanışlarını işə saldı və onların köməyi ilə gizli sahibkarlar köhnə əskinasları yeni pullarla əvəz edə bildilər.

Məşum vurğunluq

Gizli sex sahibləri son dərəcə mənasız səbəbdən ifşa olundular. 43 yaşında dul qalan Şakerman uzun müddət yas saxlamadı. Həyat yoldaşının yerini onun bacısı tutdu. Baldızının rəsmi nikahda olması da aşiq cütlüyü qətiyyən çəkindirmədi. Amma rədd edilmiş ər bu xəyanəti Şakermana bağışlamadı.

Rəqibindən qisas almaq fürsətinin yaranması çox çəkmədi. Bir neçə aylıq birgə həyatdan sonra Şakermanla dalaşan qadın ərinin yanına qayıtdı və peşmançılıq hissi ilə sevgilisinin qanunsuz fəaliyyəti barədə hər şeyi danışdı. Aldadılmış ər Şakermandan mənəvi ziyana görə təzminat tələb etdi. Gizli sahibkar etiraz etmədən beş min rubl verdi.

Lakin bu, qisas almaq istəyən kişini qane etmədi. O, həyat yoldaşı ilə birlikdə Şakerman haqqında KQB-yə donos yazdı. Çekistlər şübhəlinin evində axtarış apardılar və bir neçə min rubl pul, qızıl və platin zinət əşyaları tapdılar. Moskva vilayətinin Ramensk rayonu ərazisindəki bağ evində aparılan axtarış da uğurlu oldu. Şakerman vaxtilə paytaxt zavodlarından birindən iki mərtəbəli bağ evi olan torpaq sahəsi almışdı. Evdə qiymətli əşya saxlamırdı, lakin həyətdə qalın torpaq qatının altında xeyli maraqlı şeylər, o cümlədən inqilabdan əvvəlki Rusiyaya aid qızıl sikkələr gizlədilmişdi.

Xilas ümidi xəyanətdə

Şakermanın çoxsaylı dostları onu müdafiə etmədilər. Milis qapıda görünən kimi Şayanın onlara əmanət verdiyi pulları, brilyantları və qızılları dərhal təhvil verirdilər. Şakermanın özü də etibarlı dost çıxmadı. Cəzasının yüngülləşdiriləcəyinə ümid edərək ortağı Royfmanı əlli-ayaqlı istintaqa satdı. Bununla kifayətlənməyərək, Borisin sərvətini gizlətdiyi bütün yerləri də göstərdi.

Şakermanın canfəşanlığı hətta təcrübəli müstəntiqləri belə heyrətləndirirdi. Royfmanın günahını etiraf etdiyini və könüllü şəkildə əlində olan 15 min rublu təhvil verdiyini öyrənəndən sonra Şaya üzləşdirmə keçirilməsində israr etdi və bu zaman ortağını digər gizli sığınacaqlar barədə də danışmağa məcbur etdi. Onlardan biri Dmitrov şossesinin 37-ci kilometrliyindəki meşəlikdə yerləşirdi və o qədər məharətlə gizlədilmişdi ki, qızılları orada basdırmış Royfmanın qardaşı belə həmin yeri dərhal tapa bilmədi.

İstintaq hərəkətləri arasındakı fasilələrdə Şakerman həyat barədə fəlsəfi mülahizələr yürüdür, müstəntiqlərə müxtəlif sahələr üzrə biliklərini nümayiş etdirirdi:

“Bunu anlamaq sizin üçün çətindir. Bu, sırf psixoloji məsələdir. Nəyin çox olursa, bir o qədər də çoxunu istəyirsən. Üstəlik, pul bu qədər asanlıqla əlinə gələndə. Bizim vəziyyətimizi meymunların davranışı ilə müqayisə etmək olar. Hind-Çin ölkələrində meymunları belə tuturlar: ağacın gövdəsində oyuq açır, içinə qoz qoyurlar. Meymun əlini salıb bir ovuc qoz götürür, amma yumruğunu açmadığı üçün əlini geri çıxara bilmir. Yumruğunu da aça bilmir. Ovçular onu əlini oyuğa salmış vəziyyətdə tapırlar. Bizimlə də eyni cür oldu. Bizi bataqlıq uddu və oradan çıxa bilmədik. İnsan nə qədər çox oğurlayırsa, buna bir o qədər aludə olur.”

Bununla belə, Şakerman və Royfman nə müstəntiqlərdən, nə də 1962-ci ildə keçirilən məhkəmə prosesində iştirak edən hakimlərdən anlayış gördülər. “Sexoviklər işi” 77 cilddən ibarət idi. Əsas təqsirləndirilən şəxslərlə yanaşı, daha bir neçə nəfər – o cümlədən psixonevroloji dispanserin anbar müdiri, uçotçusu və mühasibi də məhkəmə qarşısına çıxarıldı. Gizli sex sahiblərinin şərikləri uzunmüddətli həbs cəzaları aldılar, lakin təşkilatçıların taleyi ilə müqayisədə onlar xeyli şanslı idilər: həm Royfman, həm də onu bu qədər həvəslə satmış Şakerman ölüm cəzasına məhkum olundular və az sonra güllələndilər.

1960-cı illərin əvvəllərində trikotaj sex sahiblərinə qarşı belə əməliyyatlar bütün SSRİ-ni əhatə etdi. Məhkəmə qarşısına 500-dən çox adam çıxarıldı və onlardan ümumilikdə iki milyard rubl dəyərində sərvət müsadirə edildi. Ölüm cəzasına yalnız bu məqalədə adı çəkilənlər deyil, digər gizli sahibkarlar da məhkum olundular.

Hazırladı: Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki