Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, eləcə də Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın türk və İslam dünyası ilə əlaqələrində mənəvi, humanitar və mədəni istiqamətlərin xüsusi yer tutduğunu göstərir. Müxtəlif ölkələrdən dini və ictimai nümayəndələrin paytaxtımızda bir araya gəlməsi qarşılıqlı fikir mübadiləsi üçün mühüm imkan yaradıb. Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa yanaşmasının əsas istiqamətləri də öz əksini tapıb.
Dövlət başçısı Azərbaycanı həm Türk dünyasının, həm də Qafqazın mühüm hissəsi kimi təqdim edərək ölkəmizin bu iki geniş coğrafi və mədəni məkan arasında əlaqələrin inkişafında oynadığı rolu diqqətə çatdırıb. Azərbaycanın zəngin tarixi-mədəni irsi bu münasibətlərin mühüm dayaqlarından biridir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı əsrlər boyu formalaşmış düşüncə və mədəniyyət ənənələrinin miqyasını göstərir. Bu baxımdan Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfrans yalnız tarixi şəxsiyyətin irsinin öyrənilməsi deyil, həm də Azərbaycanın mənəvi sərvətlərinin beynəlxalq elmi və mədəni mühitdə tanıdılması baxımından əhəmiyyətlidir.
Bakıda keçirilən dini liderlər toplantısı isə İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi baxımından diqqət çəkir. Azərbaycan müxtəlif illərdə İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları da müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsinə xidmət edən mühüm tədbirlərdən biri olub. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi üçün yeni imkanlar yaradacaq. Dini liderlərin bir araya gəlməsi yalnız dini məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Dünyada müxtəlif qarşıdurmaların müşahidə olunduğu bir vaxtda din xadimlərinin sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və dialoq çağırışları xüsusi ictimai əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan müxtəlif ölkələrdən olan dini rəhbərlərin görüşməsi və ortaq mövqelərin müzakirəsi üçün əlverişli platformalardan birinə çevrilir.
Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə də geniş yer verilib. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri işğaldan azad edilmiş ərazilərdə baş verən dəyişikliklərlə yerində tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və müasir infrastrukturun yaradılması artıq Qarabağın yeni inkişaf mərhələsinin əsas göstəricilərindəndir. Bu prosesdə dini abidələrin bərpasına xüsusi diqqət yetirilir. Ağdam məscidinin bərpası ilə başlanan işlər digər məscidlərin yenidən qurulması ilə davam etdirilir. Şuşada yeni məscidin inşası, işğaldan azad olunmuş ərazilərdə dini və mədəni irsin qorunması Azərbaycanın tarixi yaddaşa və milli-mənəvi dəyərlərə münasibətinin mühüm göstəricilərindəndir. Böyük Qayıdış proqramının həyata keçirilməsi Qarabağda həyatın bərpasının digər mühüm istiqamətidir. Keçmiş məcburi köçkünlərin öz doğma yaşayış məntəqələrinə qayıtması ilə yanaşı, məktəblərin, tibb müəssisələrinin, yaşayış komplekslərinin və digər sosial obyektlərin yaradılması ərazilərin dayanıqlı inkişafına şərait formalaşdırır. Beləliklə, bərpa prosesi yalnız dağıdılmış infrastrukturun yenilənməsi deyil, yeni yaşayış və iqtisadi mühitin qurulmasını da əhatə edir.
Azərbaycanın sülh gündəliyi də çıxışda mühüm yer tutub. Ölkəmizin mövqeyinə görə, regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əldə edilmiş nəticələr sülh və əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməlidir. Azərbaycanın müharibədən sonra sülh gündəliyini önə çıxarması Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşdırılması məsələsini aktuallaşdırıb. Eyni zamanda, tarixi hadisələrin yaddaşda saxlanılması sülh siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Xocalı faciəsi, işğal dövründə dağıdılmış yaşayış məntəqələri, məscidlər və digər mədəni abidələr Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutur. Bu həqiqətlərin gələcək nəsillərə çatdırılması ilə yanaşı, regionda yeni qarşıdurmaların yaranmaması üçün sülh və qarşılıqlı etimad mühitinin formalaşdırılması da vacibdir. Azərbaycanın Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri müxtəlif istiqamətlərin bir-birini tamamlamasıdır. Siyasi və iqtisadi münasibətlərlə yanaşı, mədəniyyət, dini dəyərlər, humanitar əlaqələr və insanlararası münasibətlər də bu əməkdaşlığın mühüm hissəsidir. Bakıda keçirilən tədbirlər bunun əyani nümunəsidir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar göstərir ki, Azərbaycan regional əməkdaşlıq məsələlərinə geniş prizmadan yanaşır. Türk dünyasının birliyi, İslam həmrəyliyi, milli-mənəvi irsin qorunması, dini liderlər arasında dialoqun inkişafı və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi qarşılıqlı şəkildə əlaqəli istiqamətlər kimi çıxış edir. Bakının belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək siyasətinin davamı kimi qiymətləndirilə bilər. Seyid Yəhya Bakuvinin irsinin müzakirəsi ilə dini liderlərin toplantısının eyni dövrə təsadüf etməsi isə Azərbaycanın tarixi-mədəni irsi ilə müasir beynəlxalq əməkdaşlıq gündəliyinin bir arada təqdim olunmasına imkan yaradır. Bu yanaşma Azərbaycanı Türk dünyası, İslam aləmi və Qafqaz arasında əlaqələrin inkişaf etdiyi mühüm əməkdaşlıq məkanlarından biri kimi önə çıxarır. Sülhə, qarşılıqlı anlaşmaya və həmrəyliyə əsaslanan təşəbbüslərin davam etdirilməsi isə regional sabitliyin və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Samirə Adəm qızı





















