Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qlobal idarəetmə, dünya sülhü və ətraf mühitlə bağlı mesajları Nyu-Yorkun dünyaca məşhur Times Meydanında əks-səda verib. Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən koordinasiya edilən təbliğat kampaniyası çərçivəsində hazırlanan vizual materiallar meydandakı nəhəng ekranlarda və səyyar LED mikroavtobuslarda ictimaiyyətə təqdim olunub.
Tədbir çərçivəsində Türkiyənin ətraf mühit, iqlim, COP31 vizyonu, sülh və ədalət mövzularındakı mövqeyi Nyu-York sakinlərinə çatdırılıb. Eyni zamanda Türkiyənin zəngin tarixi, təbii gözəllikləri və yumşaq güc imkanlarını əks etdirən xüsusi tematik dizaynlardan istifadə olunub.
Nəhəng ekranlarda Prezident Ərdoğanın qlobal ədalətə yönəlmiş aşağıdakı fikirləri yer alıb:
“Dünya beşdən böyükdür”
“Qlobal idarəetmə bütün bəşəriyyəti, bütün dinləri, bütün irqləri və bütün mədəniyyətləri təmsil etməlidir”
“Uşaqların bombalar altında öldüyü bir dünyada heç kim özünü təhlükəsiz hiss edə bilməz”
Bunlarla yanaşı, İstanbulun əsrlər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etdiyini vurğulayan tanıtım mesajları da diqqət çəkib. Ekranlarda “Sivilizasiyaların qovuşduğu, tarixin nəfəs aldığı yer: İstanbul”, “Times Meydanı Türkiyə ilə görüşür, zamandan kənarda” və “Nyu-York heç vaxt yatmır, İstanbul heç vaxt ilham verməkdən dayanmır” kimi şüarlar nümayiş etdirilib.





















