image-1backend

Rusiya Ukraynaya gecə boyu kütləvi zərbələr endirdi: Kiyev və Dneprdə ölən və yaralananlar var

image-ads-728x90

Rusiya ordusu sentyabrın 22-nə keçən gecə Ukraynanın bir sıra şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib. Hücum nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Korrekt.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə yaşayış binası da hücuma məruz qalıb. Kiyev meri Vitali Kliçkonun məlumatına görə, şəhərin Dnepropetrovsk rayonunda yerləşən beşmərtəbəli binaya zərbə endirilib. Nəticədə binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğın baş verib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hadisə zamanı 4 nəfər xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Binanın 15 sakini təxliyə olunub. Kiyevin Qoloseyevski rayonunda yerləşən anbar da pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Dnepropetrovsk vilayətində Dnepr, Krivoy Roq və Pavloqrad şəhərlərinə ballistik raket zərbələri endirilib.

Vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Dneprdə anbar və sənaye müəssisəsinin vurulması nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Krivoy Roq və Pavloqrad şəhərlərində də bəzi müəssisələrə zərbələr endirilib. Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, ballistik raket hücumlarından sonra eyni hədəflərə qanadlı raketlər də atılıb. Bu zərbələr nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində ölkənin hava məkanında ümumilikdə 186 hava hədəfi zərərsizləşdirilib. Onların arasında 177 pilotsuz uçuş aparatı, 8 reaktiv pilotsuz aparat və 1 qanadlı raket olub.

Ukrayna tərəfi bildirir ki, Rusiya ordusu ümumilikdə 220 pilotsuz uçuş aparatı, 4 “Kalibr” qanadlı raketi, “Oniks” gəmiəleyhinə raketləri, həmçinin “İsgəndər-M”, S-400 və KN-23 ballistik raketlərindən istifadə edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, raket və hücum dronlarının birbaşa zərbələri 22 ərazidə, onların qalıqlarının düşməsi isə 4 ərazidə qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi də hücumun detallarını açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı həyata keçirilən kütləvi hücum zamanı metallurgiya və kimya sənayesi müəssisələrinin, yanacaq-enerji və hərbi-sənaye kompleksi obyektlərinin, həmçinin Kiyev, Dnepropetrovsk, Poltava və Odessa vilayətlərində liman infrastrukturunun hədəfə alındığını açıqlayıb.

Nazirlik, həmçinin Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilən dəniz gəmilərinin vurulduğunu bildirib. Rusiya tərəfi hücumla bağlı əlavə təfərrüat təqdim etməyib.

Hücumun nəticələri və itkilərlə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki