image-1backend

Qələbədən quruculuğa Xankəndi Xocalı Xocavənd və Ağdərə

image-ads-728x90

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın dövlətçilik tarixində əbədi yerini tutub. Bu şəhərlərin hər biri xalqımızın tarixində mühüm izlərə malik olmaqla yanaşı, uzun illər ərzində işğalın ağır nəticələrinə məruz qalıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə ilə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası ilə başa çatdı. Azərbaycanın bu şəhərlərində üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızın uzun illər ərzində gözlədiyi tarixi günlərin reallığa çevrilməsi idi. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının həmin gün səsləndirdiyi “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı” fikirləri həmin tarixi hadisənin mahiyyətini ifadə edirdi.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. 2026-cı ildə bu əlamətdar gün artıq üçüncü dəfə qeyd olunur. Günün təsis edilməsi həmin şəhərlərin tariximizdəki yerinin, onların azadlığı uğrunda aparılmış mübarizənin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlət səviyyəsində ifadəsidir.
Bu şəhərlərin azad edilməsindən sonra qarşıda mühüm vəzifələr dayanırdı. Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Məqsəd yalnız dağıdılmış infrastrukturun yenilənməsi deyil, şəhərlərin və yaşayış məntəqələrinin müasir tələblər əsasında yenidən qurulması, sosial və iqtisadi həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışının təmin edilməsidir. Xankəndidə bu proses xüsusilə geniş miqyas alıb. Qarabağ Universitetinin yaradılması, təhsil, səhiyyə, hotelçilik, nəqliyyat və digər sahələr üzrə obyektlərin istifadəyə verilməsi şəhərin sosial-iqtisadi həyatının bərpasına xidmət edir. 2026-cı il mayın 28-də Xankəndidə Mədəniyyət Mərkəzinin və “GP Safety” əlcək fabrikinin açılması, iyulun 11-də “Xankəndi” hotelinin istifadəyə verilməsi şəhərdə aparılan quruculuq işlərinin davam etdiyini göstərir. Qarabağ Universitetinin Xankəndidə yaradılması da xüsusi əhəmiyyət daşıyır. Universitetin təsis edilməsində Qarabağın iqtisadi potensialı, aparılan bərpa və quruculuq işləri, eləcə də regionun yüksəkixtisaslı kadrlara olan tələbatı nəzərə alınıb. Bu ali təhsil müəssisəsi artıq Xankəndinin yeni həyatının mühüm hissəsinə çevrilib.

Xocalı, Xocavənd və Ağdərədə də bərpa və məskunlaşma prosesi mərhələli şəkildə davam etdirilir. 2026-cı il avqustun 17-nə olan məlumata əsasən, Xankəndi və Kərkicahanda ümumilikdə 119 ailə, 506 nəfər, Xocalı şəhəri və ətraf yaşayış məntəqələrində 1167 ailə, 4841 nəfər, Xocavənd şəhəri və yaşayış məntəqələrində 988 ailə, 4070 nəfər, Ağdərə rayonunun yaşayış məntəqələrində isə 917 ailə, 3587 nəfər məskunlaşıb. Bu göstəricilər doğma yurdlarına qayıdış prosesinin artıq real nəticələr verdiyini göstərir. Xocavənddə də şəhər və kəndlərin bərpası, yol və infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrinin inkişafı istiqamətində işlər aparılır. 2026-cı ildə Xocavənd kəndində, şəhərində və Xanoba kəndində müxtəlif layihələr üzrə işlərin davam etdirilməsi, Quzeyxırmanda aparılan işlərlə tanışlıq bu ərazilərin gələcək inkişafına diqqətin göstəricisidir. Ağdərədə də yaşayış məntəqələrinin bərpası ilə yanaşı, yol, enerji, sosial və iqtisadi layihələr həyata keçirilir. 2026-cı ilin yanvarında Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ istiqamətində görülən işlərlə tanışlıq, Dəmirli mədənində filiz emalı kompleksinin açılması, Ağdərə şəhərinin baş planının təqdim olunması və digər layihələr bu ərazilərdə yeni inkişaf mərhələsinin formalaşdığını göstərir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin bərpası yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və istehsal sahələrində yaradılan imkanlar həmin ərazilərdə davamlı həyatın formalaşdırılmasına hesablanıb. 2023-cü il dekabrın 21-də Xankəndidə Qarabağ və MOİK komandaları arasında keçirilən futbol oyunu da bu baxımdan mühüm hadisə oldu. Bu, işğaldan azad edilmiş Qarabağ ərazisində 30 ildən sonra keçirilən ilk rəsmi futbol matçı kimi tarixə düşdü. Xankəndidə 2023-cü il noyabrın 8-də keçirilən hərbi parad isə Azərbaycanın əldə etdiyi Zəfərin miqyasını bir daha nümayiş etdirdi. Qarabağın əsas şəhərlərindən birində keçirilən parad Azərbaycan Ordusunun gücünü və dövlətimizin qarşıya qoyduğu məqsədlərə çatmaq əzmini nümayiş etdirən mühüm hadisə oldu.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görülən işlər tarixi torpaqlarımızda həyatın yenidən qurulduğunu göstərir. Keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışı, yeni yaşayış məhəllələrinin salınması, məktəblərin, sosial obyektlərin, istehsal müəssisələrinin və digər infrastrukturun yaradılması Qarabağın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu baxımdan yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin əhəmiyyətini ifadə edən əlamətdar gündür. Bu tarix xalqımızın uzun illər ərzində gözlədiyi qələbənin nəticələrini, doğma torpaqlara qayıdışın və həmin ərazilərdə yeni həyatın qurulmasının rəmzi kimi qeyd olunur.

Samirə Adəm qızı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki