Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran ölkəsinin COP31 çərçivəsində əsas prioritetlərinin dialoq, konsensus və konkret fəaliyyət olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, Burhanəddin Duran bu fikirləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində parlament üzvləri, beyin mərkəzlərinin nümayəndələri, akademiklər və tədqiqatçılarla görüşündə səsləndirib.
Duran çıxışında iqlim dəyişikliyinin artıq yalnız ekoloji problem olmadığını, iqtisadi inkişafdan enerji təhlükəsizliyinə, ərzaq təminatından miqrasiyaya, beynəlxalq təhlükəsizlikdən sosial ədalətə qədər geniş sahələrə təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, iqlim böhranı ilə mübarizə ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, dövlətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin, vətəndaş cəmiyyətinin, özəl sektorun və cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti əsasında həyata keçirilməlidir.
Kommunikasiya İdarəsinin rəhbəri Türkiyənin bu məsələdə konkret nəticələrə yönələn siyasət yürütdüyünü qeyd edib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın problemlərin həllində konkret və davamlı tədbirlərin görülməsinin vacibliyini vurğuladığını xatırladıb.
Burhanəddin Duran COP31-in Türkiyənin qlobal iqlim diplomatiyasındakı rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, Türkiyə konfransın nəticəyönümlü platformaya çevrilməsini, qəbul edilən qərarların həyata keçirilməsini, ölkələr arasında əməkdaşlığın genişləndirilməsini və ortaq həll yollarının tətbiqini prioritet hesab edir.
“Türkiyənin COP31 yanaşmasının əsasını dialoq, konsensus və konkret fəaliyyət təşkil edir. İqlim dəyişikliyi ilə mübarizədə götürülmüş öhdəliklərin yerinə yetirilməsini dəstəkləyir, ölkələr arasında əməkdaşlığın inkişafına və ortaq həllərin tətbiqinə üstünlük veririk”, – deyə Duran bildirib.
O, Türkiyənin 2021-ci ildə Paris İqlim Sazişini ratifikasiya etdiyini və 2053-cü ilədək xalis sıfır emissiya hədəfi müəyyənləşdirdiyini xatırladıb.
Duran İkinci Milli Töhfə Bəyannaməsinin təqdim edilməsini və İqlim Qanununun qüvvəyə minməsini də bu istiqamətdə atılan mühüm addımlar kimi qiymətləndirib.
Onun sözlərinə görə, Türkiyə bərpa olunan enerji, enerji səmərəliliyi, davamlı şəhərlər, sıfır tullantı, iqlim dəyişikliklərinə uyğunlaşma və yaşıl transformasiya sahələrində fəaliyyətini davam etdirir.
Burhanəddin Duran Türkiyənin iqlim siyasətində “Sıfır Tullantı” təşəbbüsünün xüsusi yer tutduğunu vurğulayıb.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü və rəhbərliyi ilə başladılan layihə zamanla beynəlxalq səviyyədə tanınıb.
Duran BMT Baş Assambleyasının Türkiyənin təqdim etdiyi qətnaməni qəbul etməsindən sonra martın 30-nun Beynəlxalq Sıfır Tullantı Günü elan edilməsini təşəbbüsün beynəlxalq miqyasda əldə etdiyi nəticələrdən biri kimi qeyd edib.
Duran iqlim mübarizəsində qlobal ədalətin vacibliyini vurğulayıb
Kommunikasiya İdarəsinin rəhbəri çıxışında iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin məsuliyyətinin ədalətli şəkildə bölüşdürülməsinin vacibliyinə də toxunub.
O bildirib ki, bütün ölkələrin iqlim dəyişikliyinə töhfəsi eyni deyil və sənayeləşmiş dövlətlərin bu problemin yaranmasında rolu daha böyükdür. Buna görə də həmin ölkələrin problemin həlli istiqamətində daha çox məsuliyyət daşıması vacibdir.
Duranın sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri bütün dünyada hiss olunsa da, ölkələrin bu təsirlərlə mübarizə imkanları eyni deyil.
Xüsusilə inkişaf etməkdə olan dövlətlərin maliyyə resurslarına, müasir texnologiyalara və institusional potensialın artırılması imkanlarına çıxışı qlobal iqlim səylərinin uğuru üçün mühüm əhəmiyyət daşıyır.
O, beynəlxalq iqlim siyasətinin hər bir ölkənin məsuliyyəti və imkanları nəzərə alınmaqla daha ədalətli, inklüziv və tətbiq edilə bilən prinsiplər əsasında formalaşdırılmasının vacibliyini vurğulayıb.
Burhanəddin Duran iqlim dəyişikliyi ilə mübarizədə beyin mərkəzlərinin, elmi dairələrin və tədqiqatçıların roluna da diqqət çəkib.
O bildirib ki, xüsusilə beynəlxalq əməkdaşlıq tələb edən iqlim məsələlərində elmi araşdırmalar, ekspert rəyləri və tənqidi yanaşmalar qərarların qəbul edilməsi prosesinə mühüm töhfə verir.
Duran Türkiyənin bu araşdırmalardan faydalandığını və onları həyata keçirilən siyasətlərin qiymətləndirilməsi baxımından vacib imkan hesab etdiyini bildirib.
O, görüşün Türkiyənin iqlim siyasətinin beynəlxalq səviyyədə daha yaxşı anlaşılmasına, təcrübə mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyinə ümid etdiyini söyləyib.
Kommunikasiya İdarəsinin rəhbəri çıxışının sonunda COP31-in iştirakçı ölkələr, xalqlar və gələcək nəsillər üçün davamlı nəticələr verməsini arzulayıb. O, Antalyada keçirilən görüşün qarşılıqlı anlaşmanın, etimadın və beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edəcəyini qeyd edib.




















