image-1backend

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

image-ads-728x90

Noyabrın 6-da – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xarici dövlət başçılarının keçirilən tədbirlərdə iştirakı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin təqdimatı olub. Vaxtı ilə mənfur düşmən tərəfindən xarabaya çevrilən bu torpaqlarda bu gün yeni həyat yaşanır, kəndlər və şəhərlər yenidən tikilir, sosial və digər obyektlər açılır, illərdə məcburu köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.

İlk olaraq noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində bir sıra mühüm açılışlar keçirilib. Cəbrayıl rayonunun Soltanlı kəndinin, Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələlərinin açılışı günü sakinlərə yeni evlərin açarları təqdim  edilib.  Ümumilikdə isə bu İki kəndə 700-ə yaxın ailənin qayıdışı nəzərdə tutulub. Həmin gün Zəngilan Şəhər Təhsil Kompleksinin və istehsal müəssisəsi istifadəyə verilib.

Ölkə başçısının iştirakı ilə Ağdamda sənaye müəssisələrinin açılışı, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, Xankəndidə stadionun istifadəyə verilməsi, Qarabağ Universitetinin kitabxanası və İnnovasiya Mərkəzinin binalarının təməlinin qoyulması, Universitet klinikasının təcili tibbi yardım şöbəsinin açılışı keçirilib, Şuşa Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib. Həmin gün Qarabağ Universitetinin Kitabxana və İnnovasiya Mərkəzinin təməlinin qoyulub.  Universitet klinikasının fəaliyyətə başlaması isə bu ərazilərdə məskunlaşan sakinlər üçün əhəmiyyətli hadisə olmuşdur.

Ağdamda sənaye müəssisələrinin açılması Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. Bu işlər ilk növbədə burada yaşayan insanların məşğulluq problemlərinin həllində böyük köməklik olacaqdır.

Bu səfərlərin mühüm cəhətlərindən biri Prezident İlham Əliyevin quruculuq prosesinə bilavasitə nəzarət etməsidir. Dövlət başçısının mütəmadi olaraq azad edilmiş ərazilərə gəlməsi, layihələrin gedişi ilə yerində tanış olması, açılış və təməlqoyma mərasimlərində iştirakı, müvafiq tapşırıqlar verməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, son beş ildə Prezident azad edilmiş ərazilərdə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif sahələr üzrə yüzlərlə layihənin təməlini qoyub. Bu göstəricilər dövlət başçısının həmin tarixi missiyaya verdiyi siyasi əhəmiyyəti və prosesin davamlı xarakterini ifadə edir.

Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına təbrik ünvanlayıb. Xalqa təbrikində Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən, Ermənistanın təslim olmağa məcbur edilməsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi nəticələrindən bəhs etdi.

Prezident müraciətində işğal illərində xarici təzyiqlərə baxmayaraq, mövqeyini dəyişmədiyini xatırladıb: “Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər”.

Dövlət başçısı Qələbənin əldə edilməsində müasir silahların və peşəkarlığın rolunu qeyd etsə də, əsas amili belə ifadə edib: “Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”.

Prezident İlham Əliyevin xalqa təbrikində xüsusi yer verdiyi məsələlərdən biri milli-mənəvi dəyərlər və Azərbaycançılıq məfkurəsidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Ölkəmizdə yaşayan bütün etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin vahid ailə kimi yaşamasını təmin edən əsas fəlsəfə Azərbaycançılıq məfkurəsidir. Bu ideya vətəndaş həmrəyliyinin, milli birliyin və dövlətçiliyə bağlılığın əsasını təşkil edir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsində mühüm yer tutan Azərbaycançılıq ideologiyası xalqın vahid amal ətrafında birləşməsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu məfkurə milli kimliyimizin qorunmasını və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında səfərbər olunmasını nəzərdə tutur. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin bariz nümunəsinə çevrildi. Cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi, hərbçilərimizə göstərilən mənəvi dəstək və qələbəyə inam müharibənin gedişində mühüm amillərdən oldu. Azərbaycançılıq məfkurəsi bu baxımdan yalnız tarixi ənənələrin qorunması deyil, həm də müasir Azərbaycan dövlətinin inkişafını, milli həmrəyliyini və gələcək hədəflərini müəyyənləşdirən ideoloji əsasdır.

Müraciətdə səsləndirilən “Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” fikri ölkənin strateji hədəflərini ifadə edir. Bu hədəflər müdafiə potensialının gücləndirilməsini, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini, siyasi sabitliyin qorunmasını və dövlət suverenliyinin etibarlı təmin edilməsini nəzərdə tutur. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Altı il əvvəl Şuşanın azad edilməsi ilə nəticələnən tarixi Qələbə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü ildə dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunması isə həmin prosesin mühüm tamamlanma mərhələsi oldu.

Prezident İlham Əliyevin səsləndirdiyi Zəfər mesajı bir daha göstərir ki, 8 Noyabr yalnız tarixi Qələbənin növbəti ildönümü deyil, eyni zamanda, Azərbaycanın müstəqillik, suverenlik və milli birlik ideyalarının təntənəsidir.

image-5

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki