Azərbaycan tərəfi azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif edib.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da deyib.
O bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib:
“Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq. Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”.
Ə.Nağıyev vurğulayıb ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.
O bildirib ki, müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim ediblər:
“Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılmışdır. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmamış, 4 nəfərin taleyi isə açıqlanmamışdır. Bu ailələr hələ də cavab gözləyirlər”. (Report)





















