Korrekt.az xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində müharibə ilə bağlı açıqlama verib.
Əraqçı bildirib ki, İran münaqişəni genişləndirməyə çalışmır və mövcud vəziyyət “müharibənin təbiəti” ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-nin hücumlarına cavab olaraq İran birbaşa Amerika ərazisini deyil, bölgədə yerləşən hərbi obyektləri hədəf alır:
“Raket və dronlarımız ABŞ ərazisinə çata bilmir. Buna görə də bölgədəki Amerika hərbi bazalarını və onların aktivlərini vurmağa məcbur oluruq”.
Nazir qeyd edib ki, bu hərbi obyektlərin bəziləri İranın dost hesab etdiyi ölkələrin ərazisində yerləşir. Əraqçı vurğulayıb ki, İran qonşu ölkələrdə mülki hədəfləri qəsdən hədəfə almayıb:
“Əminliklə deyə bilərəm ki, mülki obyektləri hədəfə almamışıq. Bəzi hallarda gözlənilməz nəticələr baş verə bilərdi, ancaq bu, bizim niyyətimiz deyildi”.





















