Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında əldə edilən razılaşmanı bölgədə sülh və sabitliyin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirib.
Korrekt.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, ABŞ və İran arasında əldə edilən razılaşma bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün vacib inkişafdır və bu səbəbdən onu alqışlayır.
Türkiyə lideri qeyd edib ki, dünyanın uzun müddətdir gözlədiyi bu razılaşmanın Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə səmimi qəlbdən ümid edir.
Ərdoğan həmçinin vurğulayıb ki, razılaşmaların tam şəkildə imzalanmasına qədər olan müddətdə gərginliyi artıra biləcək bəyanatlardan, təxribat xarakterli addımlardan və hərəkətlərdən çəkinmək vacibdir. O, mümkün təxribatlara qarşı ayıq olmağın əhəmiyyətini də diqqətə çatdırıb.
Türkiyə Prezidenti əldə olunan nəticədə mühüm vasitəçilik roluna görə Pakistana təşəkkür edib. O, xüsusilə ABŞ və İran rəhbərlərinin göstərdiyi siyasi iradəni yüksək qiymətləndirib. Bundan əlavə, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən diplomatik təşəbbüslərə verilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Ərdoğan bildirib ki, Türkiyə bundan sonra da bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərin təşviqinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcək.





















