Türkiyədə İstanbul Bilgi Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar ləğv edilib. Korrekt.az xəbər verir ki, bununla bağlı qərar Türkiyə Respublikasının Rəsmi Qəzetində dərc olunaraq qüvvəyə minib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan qərara əsasən, təsisçi fonduna qəyyum təyin edilən İstanbul Bilgi Universitetinin fəaliyyət icazəsinin ləğvi barədə əvvəlki prezident qərarı qüvvədən salınıb.
Məlumata görə, qərar Ali Təhsil Şurasının (YÖK) təqdim etdiyi rəy əsasında, “Ali Təhsil haqqında” qanunun əlavə 11-ci maddəsinə uyğun olaraq qəbul edilib.
Mövzu ilə bağlı açıqlama verən YÖK sədri Erol Özvar bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə universitetdə tədris prosesi fasiləsiz şəkildə davam etdiriləcək.
Erol Özvar qeyd edib ki, qərarın yenidən nəzərdən keçirilməsində tələbələrin təhsilinin yarımçıq qalmaması, ailələrin narahatlığının aradan qaldırılması və universitet əməkdaşlarının hüquqlarının qorunması əsas götürülüb.
Onun sözlərinə görə, ilkin qərar mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedur idi. Lakin sonradan təqdim olunan hesabatlar və vəziyyətin yenidən qiymətləndirilməsi nəticəsində qərarda dəyişiklik edilib.
YÖK sədri qəbul edilən qərarın tələbələr, ailələr və Türkiyənin ali təhsil ictimaiyyəti üçün faydalı olacağına ümid etdiyini bildirib.





















