Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşünün yekunlarına həsr olunan mətbuat konfransında alyansın gələcəyi, regional təhlükəsizlik və Türkiyənin müdafiə potensialı ilə bağlı mühüm açıqlamalar verib.
Korrekt.az xəbər verir ki, Ərdoğan bildirib ki, NATO bir-birindən asılı dövlətlərin deyil, qarşılıqlı şəkildə bir-birini gücləndirən müttəfiqlərin ittifaqı olmalıdır.
Onun sözlərinə görə, Türkiyə NATO-nun ikinci ən böyük quru ordusuna malikdir və uzun illərdir alyansın cənub-şərq cinahının təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.
“Türkiyə Silahlı Qüvvələri ölkəmizin milli təhlükəsizliyinə yönələn istənilən təhdidi mənbəyində zərərsizləşdirmək gücünə malikdir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik və onilliklərdir alyansın cənub-şərq cinahının təhlükəsizliyini təmin edirik”, – deyə Ərdoğan vurğulayıb.
Prezident qeyd edib ki, Türkiyə alyansa yalnız strateji coğrafi mövqeyi ilə deyil, həm də zəngin hərbi təcrübəsi ilə töhfə verir.
Ərdoğan müdafiə sənayesində əldə olunan nailiyyətlərə də toxunaraq bildirib ki, Türkiyə öz döyüş təyyarələrini, tanklarını, hərbi gəmilərini və hava hücumundan müdafiə sistemlərini istehsal edən nadir NATO ölkələrindən biridir.
“NATO-nun yeni dövründə ədalətli yük bölgüsü prinsipinə əsaslanan daha güclü ittifaqın formalaşdırılmasına töhfə verməyə hazırıq”, – deyə o əlavə edib.
Prezident çıxışında Yaxın Şərqdəki vəziyyətə də münasibət bildirib. O, bölgədə davam edən qarşıdurmaların təhlükəli nəticələr doğurduğunu vurğulayaraq, İsrailin hərbi əməliyyatlarına toxunub.
“Öz təhlükəsizliyini regionun qeyri-sabitliyində görənlər sülh üçün yaranan ən kiçik imkanı belə aradan qaldırmağa çalışırlar. Müharibəni təşviq edən bu düşüncə tərzi dəstəklənməməlidir”, – deyə Ərdoğan bildirib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Türkiyə Prezidenti ölkəsinin sülh prosesinə dəstəyini bir daha ifadə edib.
“Ədalətli sülhdə uduzan tərəf olmur. Türkiyə tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazırdır”, – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, 22 ildən sonra Türkiyədə keçirilən NATO Zirvə Görüşü uğurla başa çatıb və Ankara sammiti alyans daxilində həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Prezidentin sözlərinə görə, sammitdə NATO-ya üzv bütün ölkələr lider səviyyəsində təmsil olunub ki, bu da Türkiyəyə göstərilən etimadın və ölkənin diplomatik nüfuzunun göstəricisidir.
Ərdoğan ABŞ Prezidenti Donald Trampın da sammitdə Türkiyənin ev sahibliyini yüksək qiymətləndirdiyini və iki ölkə lideri arasında şəxsi dostluq münasibətlərini xüsusi vurğuladığını bildirib.





















