image-1backend

Ermənistanı onlar xilas edəcək – sizcə, KİMLƏR?

image-ads-728x90

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ətrafında ajiotaj yaratmağa çalışanlar vaxtlarını boşuna xərcləyirlər. Hər şey plan üzrə gedir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 8 avqust 2025-ci il tarixdə keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyanatının ilk bəndində deyilir:

“Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”.

Bakı və İrəvan arasında kritik razılaşma: Deputatların görüşü, səfirliyin açılması…

Razılaşmaya uyğun olaraq digər bəndlər də var. Bu mənada həyata keçirilən qarşılıqlı səfərlər Bakı və İrəvanın sülhün təmin olunması və təhlükəsizliyə təhdid yarada biləcək problemlərin ortadan qaldırılması ilə bağlı ortaya qoyulan siyasi iradənin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Vaşinqton görüşündən sonra bildirmişdi ki, əldə olunmuş razılaşmaların həyata keçirlməsindən ötrü vaxt itirmədən çalışmaq lazımdır. Bir sıra hallarda Ermənistanın ləng siyasəti və ayrı-ayrı paytaxtların təzyiqləri nəticəsində yerində sayması ümumi işlərə əngəl yaradır. Amma hər halda, bu vaxta kimi delimitasiya və demarkasiya işləri çərçivəsində ilkin addımlar atılıbsa, işğal altındakı 4 kəndimiz azad edilibsə, 13 km-ə yaxın sərhəd zolağının dəqiqləşdirilməsi qətiləşibsə, nəhayət, 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası erməni tərəfi ilə 13 görüş keçiribsə, bu, az deyil. Söhbət 30 ildən artıq müddətdə düşmən olan ölkələrdən gedir. Qısa müddətdə hər şeyi yoluna qoymaq mümkün deyil, bunun üçün illər lazımdır.

Bu mənada Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri Vaşinqton razılaşmasının və ondan əvvəl Prezident İlham Əliyevin irəli sürdüyü sülh planının irəli aparılması üçün əlavə imkanlar yaradır.

Qeyd edək ki, bu səfər ötən ilin 28 noyabrında Mher Qriqoryanın rəhbərlik etdiyi komissiyanın Qəbələyə etdiyi səfərə cavabdır və burada qeyri-adi nəsə axtarmağa dəyməz. Erməni tərəfdə, xüsusən də Nikol Paşinyanı seçkiöncəsi vurmaqdan ötrü vurnuxanlar hay-küy qoparıblar, “stəkanda fırtına” qoparmağa çalışırlar.

Qəbələ görüşündə tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd etmişdilər. Bir neçə gün əvvəl Nikol Paşinyan sərhədlərin delimitasiyasının yaxın gələcəkdə bitmə ehtimalından danışıb. Hərçənd, bu, o qədər də real görünmür, amma söhbət Azərbaycana qarşı on illərlə ərazi iddiaları irəli sürən ölkənin rəhbərliyinin sərhəd razılaşmaları üçün tələskənlik ifadə etməsindən gedirsə, bu, Azərbaycanın yaratdığı yeni situasiyanın məntiqi nəticəsidir. Prosesləri qalib ölkə, qalib lider diktə edir, amma təmkinlə, səbrlə, başa salaraq. Ermənistan hakimiyyəti də anlayır ki, alternativ uçuruma yuvarlanmaq, ölkəni fəlakətlər girdabına sürükləməkdir. İndi görək sərhədlərin dəqiqləşdirilməsi prosesində hansı yeniliklər olacaq…

“News Media” şirkətinin erməni əsilli baş direktoru Aram Qabrelyanov iddia edib ki, bu səfər səfər Paşinyanın Bakı qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Dediyinə görə, həmin öhdəliklərə əsasən, azərbaycanlılar Sovet Ermənistanı ərazisindəki keçmiş yaşayış məntəqələrinə qayıtmalıdırlar. “300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Kotayk vilayətinin Arzakan, Geranis və Marmarik yaşayış məntəqələrinə, Göyçə vilayətinin (Göyçə gölü yaxınlığında, hazırda Azərbaycanın nəzarəti altında olan Kəlbəcər sərhədində) Vardenis, Zod, Ağbradzor, Çağkunk, Lçap və Tsovazard icmalarına, Armavir vilayətinin Çağkalanç, Qriboyedov və Haykaşen kəndlərinə, həmçinin Araqatsotn vilayətinin Bazmağbyur və Saralanç yaşayış məntəqələrinə. Böyük köçürülmə proqramının həyata keçirilməsinə seçkilərdən dərhal sonra başlanacaq. Həmin vaxt Zəngəzur vilayətinə aid “Ümumi ev” layihəsinin müqaviləsi də imzalanacaq”, – deyə Qabrelyanov yazıb. (Ordu.az)

Bu kimi paylaşımlarla 7 iyun parlament seçkiləri ərəfəsində Ermənistan seçicilərində Paşinyana və komandasına qarşı nifrəti artırmaq xəttinin yürüdüldüyü şübhə doğurmur. Necə ki, Rusiya rəhbərliyinin əsas arqumenti “Qarabağın Azərbaycan ərazisi olduğunu ilk bəyan edən Ermənistan hakimiyyəti oldu”dur. Əslində hər iki açıqlama absurd təsir bağışlayır. Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağla bağlı kimin şübhəsi ola bilərdi ki? Sadəcə, diqqəti Paşinyanın üzərinə yönəltmək, onu “taxt”dan salmaqdır. Qabrelyanovun səsləndirdiyi fikirlər də anormallıqdır. Əgər söhbət Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, Qərbi Zəngəzurdan keçəcək Zəngəzur dəhlizinin realaşdırılmasından gedirsə, ticarət əlaqələrinin daha da inkişafına kiminsə etirazı yoxdursa, o halda 1988-89-cu ildə kütləvi şəkildə deportasiya olunmuş 300 min azərbaycanlı niyə öz evlərinə qayıtmamalıdır ki? Qarabağdakı ermənilər könüllü şəkildə Ermənistana gediblər, Azərbaycan türkləri isə zorla köçürülüb, ona görə də paralellik, bərabər yanaşma yanlışdır! Digər tərəfdən, azərbayacnlıların Mehri, Qafan, Qarakilsə, Göyçə, Gorus və digər dədə-baba torpaqlarına qayıtması Ermənistan üçün təhdid sayıla bilməz, bu, Ermənistanı əbədi şəkildə təhlükəsiz bölgəyə çevirəcək tarixi hadisə olacaq! Azərbaycan, həmçinin Türkiyə yüz minlərlə türkün yaşadığı ölkənin nə vaxtsa problemlərlə, təhdidlərlə üz-üzə qalmasına imkan verməyəcək! Azərbaycan Prezidentinin imzası qədər etibarlı olan sözlərini də təkrar – təkrar oxusunlar, dinləsinlər! Savaş bitib, amma əgər…Həm də ən yüksək səviyyədə Qərbi azərbaycanlıların avtomobillə qayıdışının anonsu verilibsə, deməli, olacaq, müqavimət yersizdir!

Ermənistan rəsmiləri də artıq etiraf edirlər ki, ölkələrinin təhlükəsizliyinin təminatçısı Azərbaycan və Türkiyədir…Təhlükəsizlik təminatı o zaman daha effektli və dayanıqlı olacaq ki, 108 il Ermənistanın elan olunduğu Qərbi Azərbaycan ərazilərində azərbaycanlıların yaşayışına imkan yaradılması bölgənin əbədi təhlükəsizliyi deməkdir. Soydaşlarının yaşadığı ölkəyə xətər dəyməməsi üçün Bakı və Ankara əllərindən gələni edəcəklər, əgər ermənilər növbəti dəfə xəyanətkar mövqe tutmasalar…Bu mənada “Zvartnos”a enən Azərbaycan təyyarəsi Ermənistan üçün xilaskar rolunu oynayır. Ağıllarını başlarına yığsınlar və yolumuzu kəsməyə çalışmasınlar: nə 42 km-lik Zəngəzur dəhlizində, nə də Qərbi Azərbaycanlıların ləyaqətli qayıdışı prosesində. Ermənistanın xilası Gümrüdəki hərbi bazada, yaxud ikinci missiya göndərən Avropa İttifaqında deyil! Onlar şərti sərhədlərdə çoxalmaqla, ortalığı qarışdırmaqla Ermənistan – Azərbaycan, Ermənistan – Türkiyə əlaqələrini əngəlləmək qəsdindədirlər, haylar ayılsaydı, kaş ki…

Elşad PAŞASOY



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki