image-1backend

Tərəzi xalqın gözü və avrokuboklardır!

image-ads-728x90
Dedik-yazdıq, şikayətləndik. Dəfələrlə narahatçılığımızı ifadə etdik ki, Azərbaycan futboluna sürətlə Türkiyədən mənfi əlamətlər inteqrasiya olunur. Amma prosesi önləmək təəssüf ki, mümkün olmur. Getdikcə daha çox hiss edirik ki, futbol bir kənarda qalır, qalmaqallara, şou xarakterli davranışlara daha çox meydan verilir. Yararsız transferlər, yanlış idarəçilik, milyonların göyə sovrulması adicə bir hakim səhvindən sonra unudulur, bütün diqqətlər ora fokuslanır.
İddia etmirəm ki, hakimlər səhv etmir. Edirlər, özü də bəzən çox gülünc və kobud şəkildə. Həmin səhvlərin nəticəsində də hansısa klubun haqqı yeyilir, mövsüm ərzində çəkilən xərclər və əziyyət boşa gedir. Buna görə də zaman-zaman hakimlikdən edilən şikayət və narazılıqları başa düşürəm, klub rəsmilərinə, azarkeşlərə haqq qazandırıram. Amma bir məsələ də var ki, heç də bütün uğursuzluqların səbəbkarı ədalət təmsilçiləri deyil.
Ötən tur “Zirə” “Turan Tovuz”a cavab qolu vurandan sonra “CBC Sport” Rəşad Sadıqovu ekrana gətirdi. Qəribə təsadüf idi ki, çalışdırıcı da həmin məqamda su içirdi. Epizodu görəndən sonra Ehtiram Quliyevin sözlərini xatırladım. Əliyar Ağayevin yol verdiyi səhvlərə görə çox dəyərli Ehtiram bəy təhqiredici ifadələr səsləndirmiş, insanların heysiyyətinə toxunmuşdu. O qalmaqallı qarşılaşmadan sonra “Turan Tovuz” iki dəfə “Zirə” ilə qarşılaşıb. Amma heç birində qələbə qazana bilməyib. Həmin iki oyunda nə hakimlər, nə də digəri “Turan Tovuz” futbolçularının əl-qolunu tutub, qələbə qazanmağa mane olmamışdı. Deməli, bu iki komandanın gücü elə aşağı-yuxarı eynidir, səviyyələri oxşardır. Sadəcə, Ağayev həmin gün səhvə yol verdi, futbolçuların və məşqçilərin etdiyi səhvlərinin üstünü ört-basdır etmək asanlaşdı.
Eyni yanaşma “Neftçi”də də var. “Ağ-qaralar”a qarşı da hakimlərin zaman-zaman səhv etdiklərini görürük. Amma bu səhvlər klub rəhbərliyinin transfer siyasəti, legioner seçimi zamanı yol verdikləri səhvlərdən daha betər deyil. Abubakar kimi bahalı, amma artıq çəki problemi olan, yaxşı vaxtları çoxdan geridə qalmış hücumçuya xərclənən milyonların hesabatını verməmək üçün hakimlərdən yapışmaq yaxşı taktikadır. Fiziki və mənəvi baxımdan xeyli yorğun, ağır zərbələrdən sarsılmış “Qarabağ” “Neftçi”yə elə onun meydanında beş qol vurdu. Özü də tam ədalətli hakimliklə. Deməli, “Neftçi”nin ardıcıl neçənci mövsüm avrokuboklardan kənar qalmasında əsas günah hakimlərdə deyil, klubu idarə edənlərdədir. Bu cür pafosla, şoularla azarkeşlərin diqqətini başqa səmtlərə yönəltməklə inkişaf etmək mümkün olmayacaq.
Bizimkilərin tutduğu yol İstanbulda “Fənərbaxça” rəhbərliyinin elədiklərinə oxşayır. Milyonları əcnəbilərin ayağının altına səpələyən Sadəttin Saran, Ali Koç kimilər “Qalatasaray”ın uğurlarına “yapı var” bəhanəsiylə don geyindirirlər. Mövsümün ən vacib oyununa “Qalatasaray”a 0:3 hesabıyla uduzan “Fənərbaxça”nın rəsmilərindən biri çıxıb deyir ki, bu mövsümün adı “sakın ha” mövsümüdür. “Tarix-Nadir”i yarıya yox e, lap bütöv oxumaq da bu adamları anlamaq üçün kifayət etmir. Konfrans Liqasında “Nottingem Forest”ə öz meydanında 0:3 uduzanda “qəsdən uduzduq, diqqəti Türkiyə çempionu olmağa yönəldəcəyik” deyirdilər. Çempionlar Liqasında uğurlu mövsüm keçirən, “Liverpul”a iki dəfə qalib gələn “Qalatasaray” nümunəsi də gözlərinin önündə idi. Bu gün həmin “Qalatasaray” “Fənərbaxça”dan 7 xal öndədir və növbəti çempionluğa qovuşmağı an məsələsidir.
Bu misalları ona görə çəkirəm ki, bizim klub rəsmiləri onlara oxşamağa çalışmasınlar. Atalarımız “xalqın gözü tərəzidir” deyib. Xalq hər şeyi bilir və görür. Bir də ki, avrokuboklarda əsl həqiqət üzə çıxır, orda kimisə aldatmaq mümkün deyil.
Amal Abuşov


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki