“Son dövrdə Yaxın Şərq və ətraf bölgələrdə baş verən proseslər, xüsusilə İran ətrafında cərəyan edən hadisələr, beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu hadisələr təkcə İranı deyil, region ölkələrini, o cümlədən Türkiyə və İsraili də birbaşa və dolayı şəkildə təsir altına alır. Son açıqlamalarda Türkiyə və İsrail arasında gərgin siyasi ritorikanın artdığı müşahidə olunur. Xüsusilə yüksək səviyyəli rəsmilərin bəyanatları iki ölkə arasında fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir. Eyni zamanda Türkiyənin regiondakı proseslərə, xüsusilə İran ətrafında baş verən hadisələrə dair mövqeyi də daha çox diqqət çəkir. Bəzi açıqlamalarda İsrailin İran sonrası mümkün hədəfləri arasında Türkiyənin də ola biləcəyi kimi iddialar səsləndirilir ki, bu da ictimai və siyasi müzakirələri daha da gücləndirir.”– bu fikirləri MediaTürk Tv-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, bu boğaz dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır və beynəlxalq naviqasiya üçün əsas keçidlərdən biridir.
“Mövcud vəziyyətdə ABŞ-ın bölgədə hərbi və siyasi təsirini artırdığı, dəniz nəqliyyatı üzərində nəzarəti gücləndirdiyi iddia olunur. Bunun fonunda İranın da bu keçid üzərində müəyyən nəzarət iddiaları irəli sürdüyü bildirilir. Lakin beynəlxalq hüquqa görə Hörmüz boğazının tam şəkildə bağlanması mümkün hesab edilmir, çünki bu ərazi qlobal ticarət üçün açıq dəniz keçidi statusuna malikdir. Buna baxmayaraq, gərginlik dövrlərində bu bölgədəki hərəkətliliyin məhdudlaşdırılması dünya iqtisadiyyatına, xüsusilə neft qiymətlərinə təsir göstərə bilir. Neft bazarında qiymət artımları qısamüddətli dalğalanma yaratsa da, bir çox ölkələrin strateji ehtiyatları bu təsiri müəyyən müddət kompensasiya edə bilir.”- deyə Cavanşir Feyziyev bildirib.





















