Azərbaycanda əsgərliyə çağırılan vətəndaşların bank kreditlərinin xidmət müddətində dayandırılması və ya ödənişlərin təxirə salınması məsələsi vaxtaşırı müzakirə olunan mövzulardan biridir.
Bəs mövcud qanunvericilik belə bir imkanı nəzərdə tuturmu?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit ödənişlərinin müvəqqəti dayandırılması yalnız bankın könüllü razılığı əsasında mümkün ola bilər.
“Əgər bank razılaşarsa, kredit ödənişlərinin təxirə salınması mümkündür. Lakin bununla bağlı bankları məcbur edən hər hansı qanun yoxdur. Nəzərə almaq lazımdır ki, bank öz vəsaitini deyil, əsasən əmanətçilərin pullarını kredit kimi dövriyyəyə buraxır. Buna görə də bankın maliyyə maraqları da qorunmalıdır”.
Ə.Həsənov hesab edir ki, bu məsələnin daha optimal həlli dövlət dəstəyi mexanizminin tətbiq olunması ola bilər.
“Daha məqsədəuyğun variant ondan ibarətdir ki, hərbi xidmət dövründə kredit ödənişlərini dövlət öz üzərinə götürsün. Vətəndaş xidmətini başa vurduqdan sonra isə həmin vəsaiti dövlətə qaytarsın. Bu, həm bankların maliyyə sabitliyini qoruyar, həm də hərbi xidmətə gedən vətəndaşların kredit yükünü yüngülləşdirər”, – deyə o, əlavə edib.
Ekspertin fikrincə, belə bir mexanizmin tətbiqi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və dövlətin maliyyə öhdəliyini müəyyənləşdirən hüquqi mexanizmlərin hazırlanması zəruridir. Hazırda isə hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəliklərinin avtomatik şəkildə dondurulması və ya təxirə salınması ilə bağlı hüquqi tələb mövcud deyil.konkret.az





















