İran Hörmüz boğazını əldən vermək niyyətində deyil. İsrail və ABŞ-la aparılan savaşda belə İran öz inadından dönmədi və bu boğazı bağlamaqla dünya iqtisadiyyatında mühüm rol oynadığını bir daha bəyan etdi. Aparılan danışıqlar da bir nəticə vermədi. Tehranın bu boğazı bağlama potensialı həm hərbi, həm də iqtisadi təzyiq vasitəsi olaraq masada qalmaqdadır.
İran Hörmüz boğazı üzərindəki təsir imkanlarından uzunmüddətli hərbi qarşıdurmadan daha çox, beynəlxalq danışıqlarda təsir rıçaqı kimi istifadə etməyə üstünlük verir. Tehranın bu məsələdə geri addım atması üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi əsas faktorlar kimi qiymətləndirilir:
ABŞ tərəfindən hücum etməmək zəmanəti: Təhlükəsizlik təminatlarının verilməsi.
Sanksiyaların yumşaldılması: İqtisadi məhdudiyyətlərin mərhələli şəkildə qaldırılması.
Nüvə razılaşması: Nüvə proqramı ilə bağlı qarşılıqlı qəbuledilən yeni sazişin əldə olunması.
Vəziyyətin hüquqi tərəfi kifayət qədər mürəkkəbdir. İranın boğazdakı nəzarət rejimi beynəlxalq hüquq normaları baxımından tam legitim hesab edilməsə də, ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri də suverenliyin pozulması kimi şərh olunur. Bu “hüquqi mübahisələr labirinti” tərəflər arasında inamsızlığı artırır.
Regionun əsas oyunçuları olan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir gərginliyin azaldılması və davamlı atəşkəsin əldə olunmasında həlledici vasitəçi rolunu oynaya bilərlər.
Hörmüz boğazının qapadılması və ya hərəkətin məhdudlaşdırılması yalnız enerji sektoruna deyil, qlobal ticarətin bütün sahələrinə zərbə vurur:
Xüsusilə Avropada enerji çatışmazlığı xəbərdarlıqları artır. Bu təsirin 6 ay ərzində aviasiya sektoruna qədər genişlənəcəyi proqnozlaşdırılır.
Körfəz ölkələri ərzaq idxalı, həmçinin neft-kimya və gübrə ixracı üçün bu marşrutdan asılıdırlar.
Hörmüzdəki uğurlu blokada ssenarisi gələcəkdə Babül-Məndəb boğazı kimi digər kritik nöqtələrdə də təkrar oluna bilər.
Son dövrlərdə Pakistanın İsrailin mümkün nüvə təhdidinə cavab verə biləcəyi ilə bağlı yayılan iddialar ciddi rezonans doğurub. Lakin ekspertlər bu cür bəyanatların real hərbi doktrinalardan uzaq olduğunu, daha çox informasiya müharibəsi və psixoloji təzyiq xarakteri daşıdığını bildirirlər. Bu tip ritorika regiondakı diplomatik vasitəçilik səylərinə maneə törədə bilər.
İranın “qlobal iqtisadi böhran yaratmaq potensialı” nümayiş etdirməsi ikitərəfli qılıncdır. Uzunmüddətli blokada İranın öz iqtisadiyyatını da çökdürə bilər. Hazırda dünya birliyi iki yol ayırıcındadır: ya diplomatik kompromis sayəsində sabitlik, ya da qlobal bazarları sarsıdacaq yeni hərbi eskalasiya baş verə bilər…
Qoşqar Salmanlı





















