“Beynəlxalq münasibətlərdə son dövrlər ciddi geosiyasi hərəkətlilik müşahidə olunur. ABŞ Ukrayna istiqamətində fəallığını artırmağa başlayıb və bu, müxtəlif media mənbələri tərəfindən də təsdiqlənir. Bu aktivləşmənin əsas səbəbi kimi isə İranla bağlı hərbi gərginliyin müəyyən qədər səngiməsi göstərilir. ABŞ bu fasilədən istifadə edərək növbəti strateji addımlara hazırlaşır, Rusiya isə Ukraynaya qarşı müharibəni davam etdirir.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı bildirir ki, bu iki böyük gücün fonunda Çin daha ehtiyatlı mövqe tutur və açıq münaqişələrdən yayınaraq qlobal iqtisadi təsirini qorumağa çalışır.
“Yaxın aylarda həm ABŞ, həm də Rusiya prezidentlərinin Çinə səfərləri gözlənilir və hər iki tərəfin Pekinlə müzakirə edəcəyi mühüm məsələlər var. Artıq Rusiya bu istiqamətdə ilk addımı ataraq xarici işlər naziri Sergey Lavrovu Pekinə göndərib. Görüşlərdə əsas müzakirə mövzularından biri enerji əməkdaşlığının genişləndirilməsi olub. Rusiya, xüsusilə “Hörmüz boğazı”nda yaranan gərginlik fonunda, Çinin daha çox rus nefti almasına çalışır.”– deyə politoloq bildirib.
Lakin politoloqun fikrincə, Çin üçün bir mənbədən asılılıq təhlükəli hesab olunur. Buna görə də Pekin İran və Körfəz ölkələrindən enerji idxalını bərpa etməyə çalışır. Bunun üçün isə “Hörmüz boğazı”nda yaranmış böhranın aradan qaldırılması vacibdir. Çin həm də İranın ABŞ-la müəyyən razılığa gəlməsində maraqlıdır, amma eyni zamanda Tehrandakı rejimin zəifləməsini istəmir.
Arzuman Muradlı qeyd edir ki, bəzi iddialara görə, İran müharibə dövründə Çinin peyk imkanlarından istifadə edib və bu məlumatlar ABŞ bazalarına zərbələr üçün faydalı olub. Çin isə bu xəbərləri rəsmi şəkildə təkzib edir.
“Hazırda Pekinin əsas hədəfi “Hörmüz boğazı”nın açılmasıdır. Çin bu istiqamətdə aktiv diplomatik fəaliyyət göstərir. Eyni zamanda, ABŞ-a xəbərdarlıq edərək bildirir ki, İranla enerji və ticarət əməkdaşlığına müdaxilə qəbulolunmazdır. Maraqlı məqam ondan ibarətdir ki, Çin ABŞ-ın boğazdakı addımlarını tənqid etsə də, İranın nəzarətinə qarşı açıq etiraz etmir. Bundan əlavə, Çin gəmiləri bölgədə ABŞ-ın tətbiq etdiyi məhdudiyyətləri aşmağa çalışır. Çünki Çin neft idxalının böyük hissəsi məhz bu boğazdan asılıdır. Pekin BMT-də də İrana qarşı qətnamələrin qəbuluna mane olur və böhranların ABŞ-dan asılı olmadan idarə oluna biləcəyini göstərməyə çalışır. Tehran və Vaşinqton arasında əldə olunan atəşkəs də bunun nümunəsi kimi qiymətləndirilir.”- deyə Arzuman Muradlı bildirib.
Sonda politoloq vurğulayır ki, Çin paralel olaraq regionda yeni ittifaqlar formalaşdırmağa çalışır və Körfəz ölkələrini xarici müdaxiləyə qarşı birləşməyə çağırır. Bu isə Pekinin ABŞ-a qarşı regional siyasi cəbhə qurmaq niyyətindən xəbər verir.





















