ABŞ İranda quru əməliyyatına başlaya bilərmi? Bu sual hal-hazırda sosial mediada daha çox müzakirə olunur. ABŞ bundan öncə İraq və Əfqanıstanda quru qoşunlarının gücündən istifadə edib. İranda nədən quru əməliyyatına strat vermir?
Politoloq Arzuman Muradlı hesab edir ki, indiki halda ABŞ-ın quru əməliyyatına başlaması mümkün deyil.
“2003-cü ildə ABŞ İraqı cəmi 20 gün ərzində 20 mart – 9 aprel tarixlətində işğal etdi. Bağdad şəhəri tutulana qədər ABŞ hərbçilərinin döyüşlərdə itkiləri 65 nəfər olub. Helikopter qəzaları, səhvən dost qüvvəyə atəş açma və digər səbəblər daxil olmaqla ümumi itkilər 130 nəfərə çatıb. Bağdadın tutulması zamanı ABŞ 35 nəfərini, İraq isə 45 min hərbçi və təhlükəsizlik qüvvəsini itirib.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, 7 oktyabr 2001-ci ildə ABŞ və koalisiya qüvvələri Əfqanıstana hərbi əməliyyata başlayıb.
“Paytaxt Kabil 37 gündə ələ keçirilib. Bu döyüşlərdə ABŞ 14 hərbçisini, digər koalisiya ölkələri isə 3 hərbçisini itirib. ABŞ-ın Əfqanıstanda 20 il ərzində verdiyi ümumi itkilər isə 2 400 nəfərdir, bunlardan 1 900 nəfəri döyüş itkiləridir. Taliban qüvvələrinin itkiləri isə minimum 55 000 nəfər hesablanır. Əgər ABŞ İrana canlı qüvvə yeritsə, itkilərin də ərazinin imkanlarına uyğun olaraq nisbətən idarə oluna biləcəyini düşünmək mümkündür. Lakin bəzi insanlar bunu nəzərə almayaraq “İran başqa dövlət deyil” və “beynəlxalq hüquq” arqumentlərini önə çəkirlər. ABŞ Əfqanıstanda döyüşdə məğlub olmayıb, amma istədiyi nəticəni əldə edə bilməyib. 20 il ərzində ölkəyə 2 trilyon dollardan çox sərmayə yatırılıb, seçkilər keçirilib, məktəblər, xəstəxanalar və enerji infrastrukturu qurulub. Lakin hakimiyyətlər korrupsioner olub və Talibanın ideologiyası xalq arasında dəyişməyib. İraq dövləti öz yolunu müəyyənləşdirib, seçkilər keçirilir və neft gəlirləri ilə ölkə inkişafa doğru addımlayır. Əvvəlki illərlə müqayisədə vətəndaşlar daha yaxşı yaşayır, daha çox maaş alır və xaricə işləmək üçün getmirlər.”- deyə politoloq qeyd edib.
Arzuman Muradlı həmçinin Rusiyanın troll fabrikləri tərəfindən tez-tez istifadə edilən “ABŞ Vyetnamda məğlub olub” arqumentinə cavab verib.
“Vyetnam müharibəsi 50-60 il əvvəl baş verib və ABŞ bu müharibədən ciddi dərslər çıxararaq ordusunu modernləşdirib. Nəticədə İraq və Əfqanıstanda paytaxtları minimal itki ilə ələ keçirmək mümkün olub.”- deyə politoloq əlavə edib.





















