İmam Mustafayev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində mühüm rol oynayan siyasi xadimlərdən biri olub. Məhz bu mövqeyinə görə onu sonradan vəzifəsindən uzaqlaşdırdılar.
İmam Mustafayev 1910-cu il fevralın 25-də Qax rayonunda doğulub.
O, erkən yaşlarında valideynlərini itirir: 5 yaşında anasını, 7 yaşında isə atasını itirərək çətin həyat şəraitində böyüyür.
1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu əla qiymətlərlə bitirir.
1941–1942-ci illərdə Sovet Ordusunun tərkibində batalyon komissarı kimi xidmət edir, Əziz Əliyevin rəhbərliyi altında Cənubi Azərbaycanda – Urmiya vilayətində fəaliyyət göstərir.
1954-cü ilə qədər respublikada müxtəlif vəzifələrdə çalışır, həmin ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir.
İmam Mustafayev həm Şimali, həm də Cənubi Azərbaycan məsələlərinə həssas yanaşırdı. O, Azərbaycan torpaqlarının tarixi proseslər nəticəsində parçalanmasını qeyri-təbii hesab edir və bu vəziyyəti qəbul etmirdi.
1958-ci ildə baş verən səs-küylü bir hadisə onun prinsipial mövqeyini göstərdi. 19 yaşlı rus tələbə qız Bakıda qaçırılaraq zorakılığa məruz qalmışdı. Hadisə böyük rezonans doğurdu.
Moskvanın tələbi ilə istintaq qrupu yaradıldı, xüsusi əməliyyat aparıldı və 10 gün ərzində cinayətkarlar tapılaraq həbs edildi. Onlardan birinə ölüm hökmü verildi.
Hadisədən sonra zərərçəkmişin atası İmam Mustafayevə məktub yazaraq azərbaycanlılar haqqında mənfi fikirlərinə görə üzr istəyir.
İmam Mustafayev Azərbaycan dilinin dövlət dili kimi tanınmasını tələb edən ilk partiya rəhbərlərindən biri idi.
Onun rəhbərliyi dövründə:
dövlət idarələrində sənədləşmə işləri Azərbaycan dilində aparılmağa başlandı
Azərbaycan dili təhsildə daha geniş tətbiq olundu
Azərbaycan tarixi fənninin tədrisinə diqqət artırıldı
O, bu məsələni konstitusiya səviyyəsində təsbit etdirməyə nail oldu.
Bu siyasət mərkəzi sovet hakimiyyətini narahat edirdi. Xüsusilə Nikita Xruşşov Mustafayevə qarşı açıq tənqidi mövqe tuturdu.
1959-cu ildə keçirilən plenumda o, sərt şəkildə tənqid edildi və “kommunist ideyalarına uyğun davranmamaqda” ittiham olundu.
Nəticədə, 1959-cu il iyulun 6-da “səhhət səbəbi” bəhanəsi ilə vəzifəsindən uzaqlaşdırıldı və Mərkəzi Komitədən çıxarıldı.
Keçmiş SSRİ rəhbərliyində hesab edirdilər ki, İmam Mustafayev vəzifədə çox qalsa problemlər yarada bilər. Çünki İmam Mustafayev milliliyə daha çox önəm verirdi. Milli ideyaların gerçəkləşməsi üçün çalışan İmam Mustafayev daha çox gənclərimizin milli ruhda təhsil və tərbiyə almasına önəm verirdi. Bu da sözsüz ki, burada bir çoxlarının xoşuna gəlmirdi. Belə olduqda Moskvaya anonim məktublar yazılmağa başladı.
Vəzifədən uzaqlaşdırıldıqdan sonra İmam Mustafayev elmi fəaliyyətə yönəldi.
O, genetika və seleksiya sahəsində çalışaraq:
yeni buğda və digər kənd təsərrüfatı bitki sortları yetişdirdi
75 elmlər namizədi və 4 elmlər doktorunun hazırlanmasına rəhbərlik etdi
Onun rəhbərlik etdiyi institut Ağdərədə yerləşən 1700 hektarlıq elmi-tədqiqat bazasına malik idi.
Qarabağ münaqişəsi zamanı həmin elmi baza erməni separatçıları tərəfindən zəbt olundu. Orada çalışan azərbaycanlılar öz evlərindən çıxarıldı, illərlə toplanmış elmi materiallar isə itirilmək təhlükəsi ilə üzləşdi.
İmam Mustafayev 1997-ci ildə, 87 yaşında Bakıda vəfat etdi. Bu fədakar insan Fəxri Xiyabanda dəfn olunub.
Qoşqar Salmanlı





















