İran Silahlı Qüvvələrinin əməliyyatlarını idarə edən Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfiqari ABŞ-a məxsus hərbi təyyarələrlə bağlı açıqlama verib. Onun sözlərinə görə, ABŞ-a aid nəqliyyat təyyarələri İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Korrekt.az xəbər verir ki, Zülfiqari bildirib ki, “ABŞ təyyarələri İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və ABŞ öz əsgərlərini bombalayıb”. O, həmçinin qeyd edib ki, ABŞ rəhbərliyi vəziyyəti təbliğat vasitəsilə ört-basdır etməyə çalışır.
Hadisə aprelin 3-də baş verib. İran İnqilab Keşikçiləri Korpusu İranın mərkəzi hissəsində hava hücumundan müdafiə sistemləri vasitəsilə bir döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. İran mediası təyyarənin ABŞ-a məxsus F-15E Strike Eagle olduğunu və pilotlardan birinin əsir götürüldüyünü iddia edib.
ABŞ tərəfi isə insidentlə bağlı fərqli açıqlama verib. ABŞ rəsmiləri təyyarə qəzasını təsdiqləyərək bildiriblər ki, ekipaj üzvlərindən biri xilas edilib, digər pilotun axtarış-xilasetmə əməliyyatı davam etdirilib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ikinci pilotun da xilas olunduğunu açıqlayıb.
Eyni zamanda, The New York Times qəzetinin məlumatına görə, Hörmüz boğazı yaxınlığında demək olar eyni vaxtda daha bir ABŞ qırıcı təyyarəsi vurulub. Bildirilib ki, həmin təyyarənin pilotu sağ qalıb.
İran tərəfi isə ABŞ-ın itkin pilotu xilas etmək üçün keçirdiyi əməliyyatın uğursuz olduğunu iddia edir. Beləliklə, hadisə ilə bağlı tərəflərin açıqlamaları bir-birini təkzib edir və məlumatlar arasında ciddi ziddiyyət qalmaqdadır.





















