ABŞ və İran arasında hərbi gərginlik daha da artıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İrana qarşı yeni hücumlar həyata keçirməsindən sonra Hörmüz boğazında bir sıra gəmilərə zərbələr endirdiyini bildirib.
Korrekt.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Vaşinqton İranın “davam edən təcavüzkar fəaliyyətlərinə cavab olaraq” ölkə ərazisində yerləşən bir neçə hədəfə qarşı yeni özünümüdafiə əməliyyatlarına başlayıb.
ABŞ Prezidenti Donald Tramp hücumlardan əvvəl verdiyi açıqlamada İrana qarşı sərt tədbirlərin davam etdiriləcəyini bildirib. O, Tehranı danışıqları uzatmaqda ittiham edərək, “Dünən onlara ağır zərbə vurduq, bu gün də yenidən vuracağıq” deyə bəyan edib.
İran dövlət mediasının yaydığı məlumata görə, ABŞ-ın zərbələrindən sonra SEPAH Hörmüz boğazında iki gəmini hədəfə alıb. Eyni zamanda Qeşm adasında, Bəndər Abbas, Sirik və digər yaşayış məntəqələrində partlayış səslərinin eşidildiyi bildirilib.
Rəsmi Tehran həmçinin Hörmüz boğazının bütün növ gəmilər üçün bağlandığını açıqlayıb. Bununla belə, ABŞ Mərkəzi Komandanlığı ticarət gəmilərinin boğazdan hərəkətini davam etdirdiyini bəyan edib.





















