Dünən axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Saqqız bölgəsində yerləşən “Mirgə Nəqşine” qızıl mədəninə hücum edilib. Məlumata görə, hadisə zamanı beş naməlum şəxs mədən ərazisinə daxil olaraq əvvəlcə iki mühafizəçini döyüb, daha sonra isə avadanlıqları yandırıb.
Korrekt.az xəbər verir ki, saqqız şəhərinin başçısının təsdiqlədiyi məlumata əsasən, yanğın nəticəsində iki ekskavator, bir qreyder və beş konteyner tamamilə yanaraq yararsız hala düşüb. Hücum edən şəxslər hadisədən sonra ərazidən qaçıblar.
Şəhər meri hadisənin “terror aktı” olması ehtimalını rədd edib və təhlükəsizlik qurumlarının araşdırma apardığını bildirib. Bəzi media orqanları hücumda PJAK-ı ittiham etsə də, məsələ rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd olunur ki, Saqqız bölgəsində qızıl mədənləri ilə bağlı sosial və ekoloji narazılıqlar əvvəllər də gərginliyə səbəb olub.





















