İsraildə xarici işlər nazirinin parlament seçkilərindən əvvəl 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq üçün başlatdığı təxribatçı təşəbbüs Azərbaycanın güclü diplomatik müqaviməti ilə qarşılaşdıqdan sonra faktiki dayandırılıb. “Ynet” xəbər agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycan İsrail kabinetinin bu addımından sonra “qırmızı xəttin” keçildiyi barədə Təl-Əvivə sərt xəbərdarlıq edib. Rəsmi Bakı tarixi faktların təhrif edilməsinin və məsələnin daxili siyasi məqsədlər üçün siyasiləşdirilməsinin qəbuledilməz olduğunu Təl-Əvivə çatdırıb.
Məlum olub ki, nazir Gideon Saar qərarı ictimaiyyətə açıqladıqdan sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqə saxlayaraq, bir növ “anlayışla qarşılanmasını” istəyib, lakin Bakı bu birtərəfli faktın baş verməsinə imkan verməyib. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə xəbərdarlıq edilib ki, əsassız iddialara söykənən proses davam edərsə, bu, İsrail-Azərbaycan strateji və iqtisadi tərəfdaşlığını birbaşa sarsıdacaq. Məhz bundan sonra İsrailin prosesi dondurduğu bildirilir (“Bakı-Xəbər”).
Haaretz” qəzeti isə adı açıqlanmayan yüksək vəzifəli diplomatik mənbələrə istinadən, hökumətin təxribatçı addımının İsrailə heç bir strateji fayda gətirmədiyini və son dərəcə səhv bir addım olduğunu yazıb. Prosesi qiymətləndirən siyasi analitik Yuri Boçarov isə bunun tamamilə daxili siyasətə və seçki kampaniyasına yönəlmiş bir addım olduğunu deyib.
Artıq əminliklə demək olarmı ki, İsrail tərəfi məsələni qapadıb, yoxsa bu məlumatlara inanıb tələsməyə dəyməz?
Türkiyə-İsrail: hansı daha güclü orduya malikdir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ümid edir ki, Knesset hökumətin qərarını dəstəkləməyəcək. Hüquqşünas bu qərarın münasibətlərə ciddi zərər vuracağını İsraildə anlayanlar olduğunu düşünür. Ç. Qənizadə bu məsələdə Azərbaycanın dost İsraillə diplomatik kanallar vasitəsi ilə müəyyən danışıqlar aparmasını istisna etmir: “İsrail mediası da maraqlı xəbərlər yayır. Azərbaycan Türkiyə ilə İsrail arasında danışıqları təşkil etmiş ölkədir. Bu məsələdə də barışdırıcı rolumuz ola bilər. İsrail parlamenti hökumətin əleyhinə çıxmalıdır. Çünki Azərbaycanı incik saldıqlarını bilməlidirlər. Bütün hallarda bizim üçün qardaş Türkiyə prioritetdir. Ancaq onu da istəmirik ki, münasibətlərimiz belə xoşagəlməz vəziyyət yaransın. Üstəgəl, belə bir qərar İsrailə başucalığı gətirməyəcək. Onlar yaxşı bilirlər ki, erməni soyqırımı olmayıb. 1915-ci il hadisələri haqda tarixçilərin konkret faktları var və genosid olmadığı sübuta yetirilib. İndi də bu məsələni gündəmə gətirmək yalnız siyasi məqsədlərə xidmət edir. Hətta Paşinyan da İsrail hökumətinin qərarını alqışlamadı. Məncə, Knesset reallığı dəyərləndirə bilməlidir”.
Hüquq müdafiəçisinin fikrincə, Türkiyə və İsrail gərginliyi sözügedən qondarma soyqırımını tanımaqla nəticələnib. Onun sözlərinə görə, Təl-Əviv səhvini düzəltməli, ən azı Knesset analoji addım atmamalıdır: “Azərbaycan İsraillə dərin əlaqələrə malikdir. Bu münasibətlər hərtərəfli inkişafdadır. Yəhudi dostlarımız bilməlidirlər ki, Türkiyə bizə qardaş dövlətdir və ona qarşı atılan addım həm də Azərbaycan əleyhinədir. İsrail Azərbaycanın işğal faktına son qoymasında siyasi – mənəvi dəstəyini vermiş ölkədir, onlardan müasir silahlar alaraq düşməni ərazilərimizdən qovmuşuq, indi isə erməniləri sevindirəcək addım atılması heç cür başadüşülən deyil. Ona görə də son dövrlər İsrail mediasında işıqlanan xəbərlərin doğru olacağına ümid edirəm”.Musavat.com





















