Tanınmış iranlı jurnalist Əli Əlizadə İranın keçmiş yüksək vəzifəli siyasətçisi Əli Laricani ilə bağlı sui-qəsdin təfərrüatlarını açıqlayıb.
Korrekt.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Laricani mülki siyasətçi olub və heç bir terror təşkilatı ilə əlaqəsi olmayıb. O bildirib ki, Tehranın mərkəzində baş verən bu hadisə beynəlxalq hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilməlidir, lakin Qərb ölkələri tərəfindən buna adekvat reaksiya verilməyib.
Əlizadə iddia edib ki, hücumlar “ağıllı müharibə” kimi təqdim olunsa da, əslində hədəfin müəyyənləşdirilməsi üçün bir neçə fərqli məkan eyni vaxtda bombalanıb. Onun sözlərinə görə, Laricaninin yerini müəyyən etmək məqsədilə 6-7 məkan seçilərək zərbələr endirilib.
“Onun qızının Tehranın kasıb məhəllələrindən birində yerləşən evində olduğu müəyyən edilən zaman hücum nəticəsində 105 nəfər həyatını itirib”, – deyə jurnalist bildirib.
O əlavə edib ki, digər hədəf seçilən məkanlarda da oxşar sayda insan həlak olub və ümumilikdə bir siyasətçinin aradan götürülməsi üçün yüzlərlə mülki şəxs öldürülüb.
Məlumatda həmçinin qeyd olunur ki, oxşar taktikanın İranın ali dini lideri Əli Xamenei ilə bağlı həyata keçirilən hücumda da istifadə edildiyi iddia olunur. Bildirilir ki, onun ola biləcəyi bir neçə məkan bombalanıb və nəticədə liderlə yanaşı, qadın və uşaqlar da daxil olmaqla yaxınları həlak olub.





















