Böyük Britaniyanın nüfuzlu nəşri olan Financial Times (FT) mənbələrə istinadən yazır ki, İsrail kəşfiyyatı İranın Ali Lideri Əli Xameneiyə qarşı sui-qəsd əməliyyatından əvvəl Tehrandakı yol hərəkəti kameralarının böyük hissəsini ələ keçirib.
Korrekt.az xəbər verir ki, İran paytaxtında yerləşən müşahidə kameraları illər boyu kiberhücumlara məruz qalıb və əldə edilən görüntülər şifrələnərək İsrailə ötürülüb. Bildirilir ki, Xameneinin iqamətgahının yerləşdiyi küçədə quraşdırılmış kameralardan biri təhlükəsizlik əməkdaşlarının nəqliyyat vasitələri və gündəlik fəaliyyəti barədə geniş müşahidə imkanı yaradıb. Toplanan məlumatların rəsmilər və onların mühafizəçiləri barədə “həyat tərzi” profili hazırlamaq üçün emal edildiyi iddia olunur.
FT yazır ki, İsrail mümkün xəbərdarlıqların qarşısını almaq məqsədilə hadisə baş verən əraziyə yaxın mobil rabitə qüllələrinin bəzi komponentlərini də sıradan çıxarıb.
Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatı aylarla planlaşdırılıb. Əməliyyatın vaxtı isə kəşfiyyat məlumatlarına əsasən, Xameneinin və digər yüksək vəzifəli rəsmilərin şənbə günü səhər Tehrandakı iqamətgahda görüşəcəyinin təsdiqlənməsindən sonra dəqiqləşdirilib. Bildirilir ki, ABŞ-ın Tehranda məlumat verən mənbəsi olub.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü “Fox News” telekanalına açıqlamasında Xameneinin yüksək vəzifəli köməkçiləri ilə səhər yeməyi zamanı hədəf alındığını deyib. Trampın sözlərinə görə, onlar “gününorta vaxtı olduğu üçün təhlükəsiz olduqlarını düşündülər”.
ABŞ lideri “Epik Qəzəb Əməliyyatı” adlandırdığı kampaniyanın İranın nüvə və ballistik raket proqramlarını sıradan çıxarmaq məqsədi daşıdığını bildirib. Rəsmi Tehran isə hücumların əsassız olduğunu bəyan edərək, Yaxın Şərqdəki İsrail və ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəf aldığını açıqlayıb.
FT qeyd edir ki, İsrail illər ərzində xaricdə yüzlərlə şəxsi – o cümlədən silahlı qrupların liderlərini, nüvə alimlərini və digər mütəxəssisləri – hədəf alan əməliyyatlar həyata keçirib.





















