Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda dişi aslanın görünməsi sakinlər arasında narahatlığa səbəb olub. Heyvanın tutulması üçün jandarma və aidiyyəti qurumlar tərəfindən əməliyyata başlanılıb.
Korrekt.az xəbər verir ki, hadisə Sarıyer rayonunun Üskümrüköy məhəlləsində qeydə alınıb.
Məlumata görə, axşam saatlarında Rayon Jandarma Komandanlığına ərazidə dişi aslanın görüldüyü barədə məlumat daxil olub. Hadisə ilə bağlı Milli Parklar Müdirliyinə və Sarıyer Bələdiyyəsinin müvafiq qurumlarına məlumat verilib.
Bundan sonra əraziyə operativ qruplar cəlb olunub. Təhlükəsizlik kameralarının görüntüləri araşdırılarkən dişi aslan olduğu ehtimal edilən heyvanın görüntüləri aşkarlanıb.
Jandarma əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Yaxınlıqda yaşayan sakinlərə diqqətli olmaları və ehtiyat tədbirlərinə riayət etmələri barədə xəbərdarlıq edilib.
Aslanın tutulması istiqamətində axtarış və əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir. Heyvanın haradan və hansı şəraitdə əraziyə gəldiyi barədə isə hələlik məlumat açıqlanmayıb.





















