Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Korrekt.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən Ada Süleymanova ARB TV-nin keçmiş aparıcısı olub. O, uzun müddət “Sən olsaydın” verilişini aparıb.
Sosial şəbəkədə yayılan məlumatlara görə, Ada Süleymanova doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.





















