image-1200_0_1778535663-2037backend

ISW: Putini  cəbhədəki vəziyyətlə bağlı aldadırlar 

image-ads-728x90

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsini yüksək səviyyədə davam etdirmək niyyətindədir. Korrekt.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutunun (ISW) son hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Rusiya iqtisadiyyatının artan təzyiqlərlə üzləşdiyi və iqtisadi rəsmilərin xəbərdarlıqlarına baxmayaraq, Kreml rəhbəri müdafiə xərclərini azaltmaqdan imtina edir. Analitiklərin fikrincə, Putinin bu mövqeyi Rusiyanın döyüş meydanında qələbə qazana biləcəyinə dair inamı ilə bağlıdır.

ISW ekspertləri hesab edirlər ki, Kremlin qərarları cəbhədəki vəziyyətin düzgün qiymətləndirilməməsindən qaynaqlanır. Hesabatda vurğulanır ki, Putinin döyüş əməliyyatları ilə bağlı təsəvvürləri Rusiya hərbi rəhbərliyinin şişirdilmiş hesabatları nəticəsində formalaşa bilər.

Analitiklər bildirirlər ki, hərbi xərclərin azaldılması xüsusilə Ukraynanın orta mənzilli zərbələri və əks-hücumları fonunda Rusiya qoşunları üçün əlavə risklər yarada bilər. Bu səbəbdən Kreml hərbi büdcəni azaltmağa tələsmir.

Bununla yanaşı, ISW xəbərdarlıq edir ki, hazırkı strategiyanın davam etdirilməsi onsuz da sanksiyalar və müharibə səbəbindən ciddi təzyiq altında olan Rusiya iqtisadiyyatını daha da zəiflədə bilər.

Daha əvvəl Bloomberg agentliyi Rusiyanın iqtisadi artım tempinin əhəmiyyətli dərəcədə zəiflədiyini, hərbi xərclərin isə sürətlə artdığını yazmışdı. Nəşrin məlumatına görə, büdcə kəsiri genişlənir və müharibənin iqtisadi nəticələri getdikcə daha çox Kreml üçün problemə çevrilir.

Bloomberg həmçinin bildirib ki, Rusiya hökumətində bəzi rəsmilər və iqtisadçılar ölkənin Ukraynaya qarşı müharibənin maliyyə yükünü uzun müddət daşımaq imkanlarının məhdudlaşdığı barədə Putinə xəbərdarlıqlar edirlər. Ekspertlər bunu Kremlin daxilində fikir ayrılıqlarının artmasının göstəricisi kimi qiymətləndirirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki