image-1backend

IV Şuşa Qlobal Forumu – Sülhün və qayıdışın təqdimatı…

image-ads-728x90
Bu gün dünyanın 54 ölkəsindən gələn 160-dan media nümayəndəsinin iştirakı ilə baş tutan IV Şuşa Qlobal Forumu təkcə  beynəlxalq siyasi problemlərin və medianın fəaliyyət istiqamətlərinin müzakirə olunduğu bir tədbir deyil. Bu həm də 30 il ərzində dünyaya çatdıra bilmədiyimiz həqiqətlərin, obyektiv şəkildə işıqlandırılmasına nail olmadığımız haqq davamızın, öz gücümüzlə qazandığımız qələbənin və doğma torpağa qayıdış hekayəmizin təqdimatıdır. Bu bir xalqın, bir dövlətin illərlə görməzdən gəlinən, beynəlxalq güclərin qarşı çıxdıqları, hədə-qorxu və təhdidlə qarşısını almağa çalışdıqları mübarizəsinin nəticəsidir.

Xoş gəlmisiniz, bura Şuşadır! Çəkin və  göstərin bu qəhrəmanlıq dastanını… Azərbaycanın igid oğullarının sərt qayalarla dırmanıb bir gecədə azad etdiyi Şuşa indi qlobal tədbirlərin məkanıdır. Qarabağa baxın, Xocalıya, Xankəndinə, Füzuliyə baxın… Qələbə necə qazanılır, qayıdış necə olur, torpağın əsl sahibi qayıdanda mənzərə necə dəyişir, ədalətli sülh nə deməkdir, münaqişəyə necə son qoyulmalıdır, güc və diplomatiya bir yerdə paralel necə tətbiq edilir – bütün bu sualların cavabı vizual olaraq gözünüzün önündədir.

Şuşa təsadüfi şəhər deyil, dünyada münaqişələrin ədalətli sülhlə bitəcəyinə olan inamın, ümidlərin şəhəridir.

Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı, jurnalistlərin suallarına verdiyi cavablar bir çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı regiondakı gərgin vəziyyəti, qonşu ölkələrin müharibə şəraitində olmasının Azərbaycan üçün yaratdığı problemləri, ölkəmizi avantüralara çəkmək cəhdlərini, regionda sabitlik üçün verdiyimiz mücadiləni, müxtəlif dövlətlərlə əməkdaşlıq və dostluq münasibətlərini davam etdirmək əzmimizi, qardaş Türkiyə ilə dünyaya dostluq-qardaşlıq nümunəsi göstərməyimizi, əzilən və işğala məruz qalan xalqların yanında olduğumuzu, münaqişələrin bitməsi üçün vasitəçilik təşəbbüslərimizi bir-bir xarici media nümayəndələrinin diqqətinə çatdırdı.

Prezidentin verdiyi mesajlardan biri də Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğu, regionun ən sabit ölkəsi kimi mühüm logistik imkanlara malik olması , qarşılıqlı əməkdaşlığa və tərəfsizliyə önəm verməsi idi.

Bu gün Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından, qaz ixracatçılarından biri olsa da, buna arxayın olmur, enerji ixracını şaxələndirməyi unutmur və artıq qazımız Suriyaya ixrac olunur. Hətta bu xəttin davamı da nəzərdə tutulur. Bu həm də Qərbə olan inamsızlığın etirafıdır.
Prezident İlham Əliyev müxtəlif mövzularda sualları cavablandırarkən qlobal güclərlə münasibətdə nə qədər diqqətli və ehtiyatlı davranılmasının vacibliyini də diqqətə çatdırmış oldu.

Eləcə də Rusiya ilə mübasibətlərin yoluna qoyulduğunu deyən Prezident, Mixail Qusmanla bağlı danışarkən əslində Kremlin Azərbaycana qarşı münasibətində heç nəyin dəyişmədiyini diqqətə çatdırmış oldu. Yəni, Azərbaycanla bağlı bir müsbət suala görə bir agentliyin rəhbəri vəzifədən azad olunursa, digər rusiyalı jurnalistlər də ehtiyatlı olmalıdırlar. Bu Kremlin üzdə normal görünən münasibətinin, alt qatında hansı düşüncələr daşıdığını bildiyimizə işarədir.

Forumun mövzusu da təsadüfi seçilməyib – “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. Aydındır ki, bu gün qlobal media böyük güclərin əlində alətə çevrilib. Dünyanın müxtəlif regionlarında gedən münaqişələrdə istisnasız olaraq hansısa böyük gücün və ya güclərin əli var. Belə olan halda onların diqtəsi altında çalışan qlobal media qurumları sülhün təşviqində hansı missiyaya sahib ola bilər, həqiqəti neçə çatdıra bilər? 30 il ərzində Qarabağ həqiqətlərinə qarşı kor olduqları kimi…

Forum 2 gün davam edəcək. Yəqin ki, xarici jurnalistlər Xankəndinə də baş çəkməyə fürsət tapacaqlar. Cəmi 3 il öncəyə qədər terror yuvasına çevrilən bu şəhərdə bu gün xarici jurnalistlər rahat gəzirsə, bu münaqişənin köklü həlli ilə bağlı Azərbaycan təcrübəsinin dünyada nümunə kimi öyrənilməsinə zərurət var deməkdir.

Nərgiz LİFTİYEVA,

Sitat.info saytının rəhbəri



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki