image-img-20260715-wa0122backend

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal dialoq mərkəzi və yeni geosiyasi reallıqların təqdimat platforması

image-ads-728x90

Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, qlobal gündəliyin mühüm məsələlərinin müzakirə olunduğu beynəlxalq platformaların təşəbbüskarı və təşkilatçısıdır.

Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər təkcə media sahəsinə dair baxışları deyil, həm də Azərbaycanın xarici siyasət kursunu, regional əməkdaşlıq modelini, nəqliyyat və enerji strategiyasını, beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi və gələcək inkişaf prioritetlərini əhatə edən geniş siyasi konsepsiyanı ortaya qoydu. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumunun iştirakçı coğrafiyasının hər il genişlənməsi bu təşəbbüsə beynəlxalq marağın davamlı şəkildə artdığını göstərir.

Bu il 53 ölkədən 160 nümayəndənin, 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilatın Forumda iştirakı Azərbaycanın yaratdığı dialoq platformasına olan etimadın göstəricisidir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya gəlməsi isə Forumun artıq qlobal media ailəsinin mühüm görüş məkanına çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Forumun əsas məqsədi təkcə peşəkar fikir mübadiləsi aparmaq deyil, həm də dünyanın aparıcı media nümayəndələrinin Qarabağda aparılan bərpa və yenidənqurma prosesini öz gözləri ilə görməsinə şərait yaratmaqdır. Bu gün Şuşaya və Qarabağa gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, inşa olunan yaşayış məntəqələrini, doğma torpaqlarına qayıdan insanları müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin ən təsirli təqdimatıdır.

Forum zamanı dövlət başçısının toxunduğu əsas mövzulardan biri də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi artan roluna həsr olundu. Prezident qeyd etdi ki, tranzit ölkəyə çevrilmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün güclü infrastruktur, etibarlı tərəfdaşlıq və qonşu dövlətlərlə sağlam münasibətlər vacib şərtdir. Azərbaycan son illərdə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının ayrılmaz hissəsinə çevrilib. Bu strategiyanın nəticəsi kimi ölkənin nəqliyyat imkanları davamlı şəkildə genişləndirilir.

Xəzər hövzəsinin ən böyük dəniz ticarət limanının yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılması, gəmiqayırma zavodunda yeni gəmilərin tikilməsi, Orta Dəhlizin artan yük axınına uyğunlaşdırılması Azərbaycanın gələcək onilliklər üçün hesablanmış inkişaf modelindən xəbər verir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi proseslər fonunda Azərbaycanın təhlükəsiz və etibarlı logistika marşrutu kimi əhəmiyyətinin daha da yüksəlməsi dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri oldu.
Prezident İlham Əliyev enerji diplomatiyasını da Azərbaycanın uğurlu xarici siyasət modelinin ayrılmaz hissəsi kimi qiymətləndirdi. Vaxtilə enerji layihələrinin həyata keçirilməsində nümayiş etdirilən çoxtərəfli əməkdaşlıq modeli bu gün nəqliyyat və logistika sahəsində də uğurla tətbiq edilir. Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də beynəlxalq yükdaşımaların sabitliyinə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Forumun mühüm siyasi mesajlarından biri Azərbaycan-Türkiyə münasibətlərinə dair səsləndirildi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, iki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq və müttəfiqlik modelidir. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər hüquqi müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq yalnız iki dövlət üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi baxımından mühüm amildir. Dövlət başçısının ifadə etdiyi kimi, Türkiyə və Azərbaycan bir yerdə olduqda daha güclüdür və bu model digər ölkələr üçün də nümunə təşkil edir.

Prezident çıxışında Azərbaycanın Avropa institutları ilə münasibətlərinə də geniş yer ayırdı. O, Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə yaranmış problemlərin səbəblərini diqqətə çatdıraraq, bəzi siyasi dairələrin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşmaları tənqid etdi. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarı olduğunu bir daha bəyan etdi.
Çıxışın diqqətçəkən hissələrindən biri də Azərbaycanın artıq “orta güc” kimi qiymətləndirilməsi məsələsinə həsr olundu.

Prezident İlham Əliyevin fikrincə, bu status yalnız iqtisadi və ya hərbi göstəricilərlə müəyyən olunmur. Milli maraqları müstəqil şəkildə müdafiə etmək bacarığı, təhlükələrə qarşı müqavimət göstərmək, regional və beynəlxalq proseslərə təsir imkanları, məsuliyyətli siyasət yürütmək və etibarlı tərəfdaş olmaq müasir dövrdə orta güc statusunun əsas meyarlarıdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi iradə, iqtisadi dayanıqlıq, hərbi güc və diplomatik fəallıq bu meyarlara tam uyğun gəlir.

Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, müdafiə qabiliyyəti yalnız hərbi paradlarda nümayiş etdirilən texnika ilə deyil, real döyüş meydanında sübut olunmuş güclə ölçülür. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin həm hərbi potensialını, həm də siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun, media əməkdaşlığının və geosiyasi müzakirələrin nüfuzlu mərkəzlərindən birinə çevrilib. Burada səsləndirilən fikirlər təkcə cari hadisələrin qiymətləndirilməsi deyil, həm də gələcək beynəlxalq əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm mesajlar kimi diqqət çəkir. Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın müasir inkişaf modelinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Güclü dövlət, müstəqil xarici siyasət, etibarlı tərəfdaşlıq, regional əməkdaşlıq, nəqliyyat və enerji təhlükəsizliyi, media diplomatiyası və milli maraqların qətiyyətlə qorunması bu siyasətin əsas sütunlarını təşkil edir. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, regional liderlik mövqeyini möhkəmləndirdiyini və qlobal proseslərdə söz sahibi olan dövlət kimi rolunu daha da gücləndirdiyini bir daha təsdiqlədi.

Samirə Hüseynova Adəm qızı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki