Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur.
Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kənd yumurtasının qiyməti 30-40 qəpik arasında dəyişir.
Satıcıların sözlərinə görə, son günlər yumurtanın qiyməti 5-10 qəpik bahalaşıb. Onlar bildirirlər ki, qiymət artımının qarşıdakı həftələrdə də davam edəcəyi gözlənilir.
Satıcılar bahalaşmanı əsasən fəslin dəyişməsi və toyuq yeminin qıtlaşması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, kəndlərdən şəhərə yumurta artıq 33-34 qəpikdən gətirilir. Bu səbəbdən satış zamanı üzərinə müəyyən məbləğ əlavə etmək məcburiyyətində qalırlar.
Satıcılardan biri bildirib:
“Bizə kəndlərdən yumurta 33-34 qəpikdən gəlir. Biz də məcburuq ki, onu ən azı 40 qəpiyə sataq. Hazırda bazarda ən yüksək qiymət 40 qəpikdir. Amma qarşıdakı həftələrdə bahalaşma ola bilər”.
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də açıqlamasında yumurta istehsalının mövsümi olaraq azalmasının qiymətlərə təsir etdiyini deyib.
Onun sözlərinə görə, payız-qış aylarında kənd toyuqlarının yumurtavermə göstəricisi əhəmiyyətli dərəcədə aşağı düşür:
“Kənd toyuqları yay aylarında təxminən 300-400 min yumurta verir. Payız və qış aylarında isə bu rəqəm 80 minə qədər düşür. Təbii ki, tələbat olduğu üçün bu da qiymətlərin qalxmasına səbəb olur. Soyuq aylarda qiymətlər daha da arta bilər”.Musavat.com





















