Soyuq müharibə dövründə Qərb və SSRİ arasında qarşıdurma yalnız hərbi və siyasi müstəvidə deyil, həm də texnologiya uğrunda gedirdi. Qərb ölkələrinin SSRİ və sosialist blokuna qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırması Moskvanı sənaye və elmi-texniki casusluğa daha çox bel bağlamağa vadar etmişdi. Bu mübarizədə SSRİ-yə ağır zərbə vuran şəxslərdən biri isə öz casus şəbəkəsini Qərbə ifşa edən KQB podpolkovniki Vladimir Vetrov oldu.
Soyuq müharibənin ilk illərində Qərb ölkələrinin əsas addımlarından biri 1949-cu ildə İxraca Nəzarət üzrə Koordinasiya Komitəsinin – CoCom-un yaradılması idi. Mənzil-qərargahı Parisdə yerləşən təşkilat SSRİ və digər sosialist ölkələrinə strateji əhəmiyyət daşıyan məhsul və texnologiyaların ixracına çoxtərəfli nəzarət edirdi.
CoCom-un 17 üzvü vardı: ABŞ, Avstraliya, Qərbi Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya, İspaniya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Türkiyə, Yaponiya və Yunanıstan. Avstriya, Finlandiya, İsveç, İsveçrə, İrlandiya və Yeni Zelandiya isə təşkilatla əməkdaşlıq edirdi.
SSRİ və sosialist ölkələri buna cavab olaraq Qərb texnologiyalarının əldə edilməsinə yönəlmiş genişmiqyaslı sənaye casusluğu sistemi yaratdılar. Sovet kəşfiyyatçıları müxtəlif üsullarla Qərb ölkələrində aparılan elmi-tədqiqatlar, yeni texnologiyalar və istehsal prosesləri barədə məlumat toplayır, çertyojlar və hətta texniki nümunələr əldə edirdilər. Bəzi hallarda Qərbdə yaradılan saxta şirkətlərdən istifadə edilərək ixracı qadağan olunan avadanlıq və komponentlər də alınırdı.
1932-ci ildə Moskvada anadan olan Vladimir Vetrov 1965-ci ildə sovet ticarət nümayəndəliyinin əməkdaşı kimi ilk dəfə Fransaya göndərildi. O, aerokosmik və hərbi sənayedə də istifadə olunan elektronika məhsulları istehsal edən “Thomson-CSF” şirkətinin fəaliyyəti ilə maraqlanırdı.
Vetrov 1974-cü ildə Kanadanın fransızdilli Monreal şəhərinə göndərilsə də, bir il sonra naməlum səbəblərdən SSRİ-yə geri çağırıldı. Görünür, onun fəaliyyəti ilə bağlı müəyyən problemlər yaranmışdı. Bundan sonra Vetrov uzun müddət xaricə göndərilmədi.
Lakin Moskvada ona verilən vəzifə sovet elmi-texniki kəşfiyyatı barədə məlumatlılığını daha da artırdı. Xaricə buraxılmamasından yaranan narazılıq və digər şəxsi səbəblər Vetrovun malik olduğu məlumatları Qərb xüsusi xidmət orqanlarına ötürmək qərarına gəlməsində rol oynadı.
Vetrovun Fransa Xarici Təhlükəsizlik Xidməti – DST ilə əməkdaşlığı 1981-ci ilin fevralında başladı. Fransa xüsusi xidmətləri ona “Farewell” kod adını verdilər.
Vetrov fransız tərəfinə təxminən 4 min məxfi sənəd təqdim etdi. Bundan başqa, diplomat statusundan istifadə edərək əslində sənaye casusluğu ilə məşğul olan təxminən 250 şəxsin adını açıqladı.
Onun təqdim etdiyi məlumatlar SSRİ-nin elmi-texniki kəşfiyyat sisteminin miqyasını və fəaliyyət mexanizmini üzə çıxardı. Vetrov sovet proqramının qarşısında duran vəzifələr, əldə olunan nəticələr və reallaşdırılmamış hədəflər barədə məlumat verdi.
O, həmçinin Qərbin 15 ölkəsində fəaliyyət göstərən KQB-yə bağlı 70 mənbənin və elmi-texniki məlumatların toplanması ilə məşğul olan təxminən 450 sovet kəşfiyyatçısının adlarını açıqladı.
Məlumatların miqyası Qərb ölkələrini ciddi şəkildə narahat etdi. Nəticədə müxtəlif ölkələrdən təxminən 150 sovet kəşfiyyatçısı çıxarıldı. Təkcə Fransada 47 sovet kəşfiyyatçısı ölkədən göndərildi.
Lakin Vetrovun ifşası uzun müddət gizli qalmadı.
1982-ci ilin fevralında Vetrov Moskva ətrafında məşuqəsi Olqa ilə istirahət edərkən onunla mübahisə etdi. İddiaya görə, Vetrov Olqaya həyat yoldaşından boşanaraq onunla evlənəcəyini vəd etmişdi, lakin bu vədi yerinə yetirməyə tələsmirdi.
Mübahisə zamanı Vetrov Olqaya vintaçanla xəsarət yetirdi. Hadisə yerinə köməyə gələn bir şəxsi isə bıçaqla öldürdü.
Moskva Hərbi Tribunalı Vetrovun rütbəsini və təltiflərini əlindən alaraq onu 15 il müddətinə azadlıqdan məhrum etdi.
Lakin qətlin araşdırılması zamanı KQB əməkdaşları Vetrovun fəaliyyətinə dair əlavə şübhələr əldə etdilər. Vetrov Fransanın xüsusi xidmət orqanlarının onu axtarmağa başlayacağından və nəticədə ifşa olunacağından ehtiyat edərək həyat yoldaşına məktub yazdı və baş verənlər barədə məlumat verməsini istədi.
Məktub KQB əməkdaşlarının əlinə keçdi. Daxili araşdırma zamanı əldə olunan digər sübutlarla birlikdə bu məktub Vetrovun Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair şübhələri təsdiqlədi.
Vetrov İrkutsk yaxınlığında cəza çəkdiyi müddətdə 1983-cü ilin avqustunda Moskvadakı Lefortovo həbsxanasına köçürüldü və vətənə xəyanətdə ittiham edildi.
1983-cü il dekabrın 14-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onun barəsində ölüm hökmü çıxardı. Hökm 1985-ci il yanvarın 23-də icra edildi.
SSRİ-nin texnoloji casusluq sisteminə ağır zərbə
Vladimir Vetrovun fəaliyyəti SSRİ-nin Qərbdəki elmi-texniki kəşfiyyat şəbəkəsinə ciddi zərbə vurdu. Onun təqdim etdiyi məlumatlar sovet casusluq sisteminin miqyasını və fəaliyyət mexanizmlərini Qərb ölkələrinə ətraflı şəkildə göstərdi.
Soyuq müharibənin ilk mərhələsində SSRİ elmi-texniki tədqiqatlara böyük diqqət ayırırdı. Sənaye casusluğu isə yeni texnologiyaların əldə edilməsini sürətləndirməyə, tədqiqatlarda mümkün yanlış istiqamətlərdən yayınmağa, beləliklə, vaxt və maliyyə resurslarına qənaət etməyə imkan verirdi.
Lakin uzunmüddətli perspektivdə bu modelin ciddi problemləri üzə çıxdı. Qərb texnologiyalarının hazır şəkildə əldə edilməsinə həddindən artıq güvənmək SSRİ-nin öz elmi və texnoloji bazasının inkişafını zəiflətdi. Nəticədə ölkənin qabaqcıl texnologiyalar sahəsində Qərbdən asılılığı daha da artdı.
Bu baxımdan, Vetrov işi yalnız bir casusun ifşası deyil, sovet iqtisadiyyatının və texnoloji siyasətinin zəif tərəflərini göstərən hadisələrdən biri kimi qiymətləndirilir. Eyni problemin izlərini sonrakı illərdə Rusiyanın “idxalı əvəzləmə” siyasətində də görmək mümkündür.
Yadigar Sadıqlı





















