Düşənbədə onlarla insanı qəsdən HİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Korrekt.az xəbər verir ki, Tacikistan Daxili İşlər Nazirliyi Düşənbədə HİV-in qəsdən yayılması ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb.
Nazirliyin məlumatına görə, ilin əvvəlindən paytaxt polisi digər şəxsləri qəsdən HİV infeksiyasına yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri həbs edib.
İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər müxtəlif şəxslərlə intim münasibətlərə girərək onları HİV-ə yoluxma riski qarşısında qoyublar. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, onların əməllərindən 60-dan çox insan zərər çəkib.
Araşdırma çərçivəsində 25 yaşlı bir qadınla bağlı da məlumat açıqlanıb. İstintaqın versiyasına əsasən, həmin qadın 20-dən çox gənc kişi ilə intim münasibətdə olub və onları HİV-ə yoluxma riski ilə üz-üzə qoyub.
Şübhəli şəxslər barəsində Tacikistan Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işləri başlanıb. İş üzrə toplanmış materialların məhkəməyə göndərildiyi bildirilir.
Tacikistan Daxili İşlər Nazirliyi vətəndaşları şəxsi sağlamlıqlarına diqqətlə yanaşmağa, həmçinin digər insanların sağlamlığı qarşısında məsuliyyətlərini nəzərə almağa çağırıb.
Qeyd edək ki, HİV-in ötürülməsi ilə bağlı konkret hüquqi qiymət və şəxslərin təqsirli olub-olmaması yalnız məhkəmənin yekun qərarı ilə müəyyən edilə bilər.





















