ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın husilərə qarşı Vaşinqtonun birbaşa hərbi zərbələr endirməsi barədə xahişini rədd edib.
Korrekt.az xəbər verir ki, “Axios”un ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Bin Salman sentyabrın 10-da Trampa iki dəfə zəng edərək Yəməndə husilərə qarşı zərbələr endirməyə çağırıb. Tramp isə bu tələbi qəbul etməyib.
Telefon danışıqları husilərin Yəmənin strateji Əl-Muxa liman şəhərini ələ keçirməsindən və Bab əl-Məndəb boğazına doğru irəliləməsindən sonra baş tutub. Reuters bildirir ki, husilərin bu istiqamətdə irəliləməsi Qırmızı dənizdə beynəlxalq gəmiçilik üçün ciddi risk yaradır.
ABŞ administrasiyası isə hazırda yeni hərbi cəbhə açmaqdan çəkinir və diqqətini İran və Hörmüz boğazına yönəltmək istəyir. (Iranintl)





















