Futbol xarakter oyunudur. Bütün idman növlərində idmançının xarakteri əsas rol oynayır. Futbolda bəzi hekayələr yalnız qazanılan kuboklarla ölçülmür. Bəzən futbolçunun keçdiyi sınaqlar, üzləşdiyi ağır hadisələr və bütün bunlardan sonra yenidən ayağa qalxması onun karyerasının ən vacib hissəsinə çevrilir. Öz xarakteri və güvəni ilə azarkeşlərin sevimlisinə çevrilənlərdən biri də Marc Bartradır.
35 yaşlı ispaniyalı müdafiəçi hazırda “Real Betis”in ən təcrübəli futbolçularından biridir. O, son günlər yenidən futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Çempionlar Liqasının ilk turunda “Lill”ə qarşı keçirilən matçda iki qol vuran Bartra komandasının 3:2 hesablı qələbəsində mühüm rol oynayıb.
Lakin onun bugünkü uğurunu anlamaq üçün yalnız son oyuna baxmaq kifayət deyil. Bartranın arxasında uzun və bəzən olduqca ağır bir yol var.
1991-ci ildə Kataloniyada dünyaya gələn Marc Bartra futbolun əsas dərslərini “Barselona”nın məşhur La Masia akademiyasında alıb.
Kataloniya klubunun futbol fəlsəfəsi ilə yetişən Bartra 2010-cu ildə “Barselona”nın əsas komandasında debüt edib. O, klubun heyətində keçirdiyi yeddi mövsüm ərzində 100-dən çox rəsmi oyunda meydana çıxıb.
Bu dövrdə Bartra dünyanın ən böyük futbolçuları ilə eyni komandada oynamaq imkanı əldə edib. “Barselona” ilə beş dəfə La Liqa çempionluğu yaşayan müdafiəçi iki dəfə Çempionlar Liqasının qalibi olub. Ümumilikdə onun Kataloniya klubundakı karyerası 13 titul ilə yadda qalıb.
2016-cı ildə isə Bartra üçün yeni mərhələ başladı. O, Almaniyanın “Borussiya Dortmund” klubuna transfer olundu.
Amma Dortmund onun həyatında yalnız yeni futbol macərası ilə yadda qalmadı.
2017-ci il aprelin 11-də “Borussiya Dortmund”un komanda avtobusu “Monako” ilə Çempionlar Liqası matçına yollanarkən partlayışa məruz qaldı.
Hadisə zamanı Bartra qolundan və biləyindən xəsarət aldı. Futbolçu əməliyyat olunmalı oldu və bir müddət yaşıl meydanlardan uzaq qaldı.
Lakin məsələ yalnız fiziki zədə ilə bitmirdi.
Həmin hadisə Bartranın psixologiyasına və həyata baxışına da ciddi təsir göstərdi. Futbolçu sonrakı illərdə həmin gecənin onun üçün dönüş nöqtəsinə çevrildiyini, həyata və prioritetlərinə münasibətinin dəyişdiyini danışıb.
Bir futbolçunun karyerasının ən məhsuldar dövründə belə ağır hadisə ilə üzləşməsi onun gələcəyini sual altında qoya bilərdi. Bartra isə başqa yolu seçdi: geri qayıtmaq.
2018-ci ildə Bartra “Real Betis”ə transfer olundu.
Andalusiya klubu onun üçün karyerasında növbəti dayanacaqdan daha çox şey ifadə etdi. “Betis” zamanla Bartranın yenidən özünü tapdığı, həm futbolçu, həm də insan kimi toparlandığı məkana çevrildi.
Bartra daha sonra klubun onu ən çətin dövründə “uçurumdan çıxardığını” söylədi.
Dortmunddakı hadisənin yaratdığı psixoloji yükə əlavə olaraq futbolçunun karyerası ağır Axilles zədəsi ilə də sarsıldı. Belə məqamda bir çox futbolçunun əvvəlki səviyyəsinə qayıtması çətin olardı.
2022-ci ildə “Betis”lə İspaniya Kubokunu qazandı. Finalda 120 dəqiqənin hamısını meydanda keçirən müdafiəçi komandanın tarixində mühüm səhifələrdən birinin yazılmasına kömək etdi.
Daha sonra Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Bartra 2023-cü ildə yenidən “Betis”ə qayıtdı.
Bu, sadəcə transfer deyildi. Bir növ evə dönüş idi.
Manuel Pelleqrininin Bartraya etimadının arxasında yalnız onun müdafiə keyfiyyətləri dayanmır.
35 yaşlı futbolçu artıq böyük oyunların nə tələb etdiyini çox yaxşı bilir. “Barselona” və “Borussiya Dortmund” kimi klubların formasını geyinib, Çempionlar Liqasının təzyiqini yaşayıb, ən yüksək səviyyəli futbolçularla eyni meydanda mübarizə aparıb.
Amma Bartranın komandaya verdiyi ən böyük töhfələrdən biri onun təcrübəsidir.
“Betis”də illər ərzində soyunub-geyinmə otağının əsas simalarından birinə çevrilən Bartra xüsusilə Joaquín və Andrés Guardado kimi təcrübəli futbolçuların komandadan ayrılmasından sonra daha böyük liderlik məsuliyyəti daşımağa başlayıb.
Bu baxımdan Pelleqrini üçün Bartra yalnız müdafiəçi deyil.
O, çətin anlarda sakitliyi qorumağı bacaran, oyunun gedişini oxuyan və gənc futbolçulara yol göstərə bilən təcrübəli liderdir.
Pelleqrini də Bartranın bu xüsusiyyətlərini yüksək qiymətləndirir. “Lill”lə Çempionlar Liqası matçından sonra çilili mütəxəssis onun təcrübəsinin komandaya kömək etdiyini və meydanda nə etməli olduğunu yaxşı bildiyini vurğulayıb.
Əslində, bu fikirlər Bartranın “Betis”dəki rolunu kifayət qədər dəqiq izah edir.
“Lill”lə oyunda vurduğu iki qol Bartranın karyerasının bu mərhələsini daha da xüsusi edib.
Müdafiəçi hər iki dəfə baş zərbəsi ilə fərqlənərək “Betis”in 3:2 hesablı geridönüş qələbəsində əsas qəhrəmanlardan birinə çevrildi.
Oyundan sonra Bartranın Pelleqriniyə təşəkkür etməsi də diqqət çəkdi. Futbolçunun sözlərindən görünür ki, məşqçinin ona olan inamı onun üçün xüsusi əhəmiyyət daşıyır.
Bu münasibətin arxasında isə illər ərzində formalaşan qarşılıqlı etimad dayanır.
Bartra artıq əvvəlki kimi yalnız fiziki göstəriciləri ilə seçilən müdafiəçi deyil. Onun ən böyük üstünlüyü illərin gətirdiyi təcrübə, xarakter və liderlikdir.
Bir vaxtlar La Masia-nın perspektivli futbolçusu olan Bartra “Barselona” ilə titullar qazandı, Dortmundda ağır hadisənin qurbanı oldu, ciddi zədələrlə üzləşdi, karyerasının ən çətin günlərini yaşadı və bütün bunlara baxmayaraq yenidən ayağa qalxdı.
İndi isə 35 yaşında Çempionlar Liqasında iki qol vuraraq komandasına qələbə qazandırır.
Bəlkə də məhz buna görə Pelleqrini ona güvənir.
Çünki Bartra artıq yalnız futbol oynamağı deyil, çətinliklərin içindən çıxmağı da bilir.
Futbolda belə xarakterə sahib oyunçuların dəyəri isə statistik göstəricilərdən çox daha böyükdür.
Qoşqar Salmanlı





















