image-zjs9vptkuz35uczybackend

BƏƏ Almaniyaya 40 milyard avro sərmayə qoyacaq

image-ads-728x90

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatına 40 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Korrekt.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Almaniya hökumətinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Almaniyaya dövlət səfəri çərçivəsində investisiya planları açıqlanıb. Sərmayənin bir hissəsinin ümumi gücü 1 giqavata qədər olacaq məlumat mərkəzlərinin tikintisinə yönəldilməsi nəzərdə tutulur.
Bundan əlavə, iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə “İnvestisiya Şurası”nın yaradılması planlaşdırılır.
BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Əhməd Əl Caber bildirib ki, ölkəsi Almaniyaya uzunmüddətli investisiyalar yatırmaq və davamlı tərəfdaşlıqlar qurmaq niyyətindədir.
Onun sözlərinə görə, Almaniya onilliklərdir BƏƏ-nin mühüm strateji və iqtisadi tərəfdaşıdır və yeni investisiyalar iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək istəyini nümayiş etdirir.
Əl Nəhyanın Berlin səfəri zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü, daha sonra isə kansler Fridrix Mertslə danışıqları baş tutub. Səfərlə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, səfər çərçivəsində Almaniya və BƏƏ şirkətləri ümumi dəyəri 9,4 milyard avro olan 29 əlavə müqavilə də imzalayıblar.
BƏƏ hazırda Körfəz ölkələri arasında Almaniyanın ən böyük ticarət tərəfdaşı hesab olunur. İki ölkə arasında ötən il ticarət dövriyyəsi 15 milyard dolları ötüb. BMW, Siemens, ThyssenKrupp və Deutsche Bahn kimi aparıcı Almaniya şirkətləri BƏƏ-də fəaliyyət göstərir.
BƏƏ uzun müddətdir Almaniya iqtisadiyyatına, o cümlədən kimya sənayesi və dəniz külək enerjisi sektorlarına investisiya yatırır.
Bundan əvvəl, Almaniya kansleri Fridrix Mertsin fevral ayında Körfəz ölkələrinə səfəri zamanı Almaniyanın RWE enerji şirkəti ilə BƏƏ-nin milli neft şirkəti ADNOC arasında növbəti 10 il ərzində mayeləşdirilmiş təbii qaz tədarükünə dair anlaşma memorandumu imzalanmışdı.
Yeni investisiya və müqavilələr ABŞ-İran qarşıdurmasının Fars körfəzi regionunda gərginliyi artırdığı bir vaxtda əldə olunub. Region ölkələri, o cümlədən BƏƏ, Avropa dövlətləri ilə iqtisadi və strateji əlaqələri genişləndirməyə çalışırlar.
Eyni zamanda, “Human Rights Watch” Almaniya hökumətini BƏƏ-də insan hüquqlarının vəziyyəti və ölkənin regional münaqişələrdəki rolu barədə ictimaiyyət qarşısında mövqe bildirməyə çağırıb. Təşkilat Əbu-Dabini Sudandakı müharibədə iştirak edən Çevik Reaksiya Qüvvələrini dəstəkləməkdə ittiham edib. BƏƏ isə bu ittihamları dəfələrlə rədd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki