İran hakimiyyəti dini lider Xameneinin dəfnini matəm mərasimdən daha çox geosiyasi nümayişə çevrir – Müctəba bu dəfə də üzə çıxmazsa…
Dünya mediası İran İslam Respublikası tarixinin bəlkə də ən mühüm siyasi mərasimlərindən biri- Ali dini lider Ayətullah Əli Xameneinin dəfni təkcə milyonlarla insanın qatılacağı matəm mərasimi kimi deyil, hakimiyyətin güc nümayişi mesajı kimi qiymətləndirir. Tehran İran tarixinin ən möhtəşəm vida mərasimi üçün dövlətin bütün inzibati, hərbi, təhlükəsizlik və ideoloji resursları səfərbər edib.
Korrekt.az Rusiya nəşrlərinə istinadən yazır ki, əslində söhbət yalnız bir cənazənin torpağa tapşırılmasından getmir.
İran rəhbərliyi bu mərasimi ölkənin müharibədən sonra ayaqda qaldığını, hakimiyyət sisteminin çökmədiyini və İslam Respublikasının hələ də regionun əsas geosiyasi oyunçularından biri olduğunu nümayiş etdirmək üçün istifadə etməyə çalışır. Könüllü “Bəsic” qüvvələri təkcə yas iştirakçılarını qidalandırmaq məqsədilə Tehranda 50 milyon porsiya çörək hazırlanacağını açıqlayıb. Bu rəqəm özü belə mərasimin miqyasını göstərməyə hesablanmış siyasi mesajdır. “Qırmızı Aypara Cəmiyyəti” də ölkənin fövqəladə hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Minlərlə xilasedici, 2500 təcili tibbi yardım avtomobili, 21 helikopter, 100 pilotsuz uçuş aparatı və onlarla xəstəxana tam hazırlıq vəziyyətinə keçirilib. Məscidlər, parklar, idman kompleksləri və mədəniyyət mərkəzləri milyonlarla insanın yerləşdirilməsi üçün hazırlanır.
Hökumət bununla kifayətlənməyərək xüsusi kampaniyaya başlayıb. Vətəndaşlara müraciət olunub ki, Tehrana, Məşhədə və Quma gələn zəvvarları öz evlərində qəbul etsinlər. Bu addım həm logistik problemi həll etməyə, həm də ölkə daxilində milli həmrəylik görüntüsü yaratmağa xidmət edir.
İran rəsmiləri mərasimdə 4 milyondan 15 milyona qədər insanın iştirak edəcəyini bildirirlər. Əgər bu proqnoz doğrularsa, bu, müasir tarixdə keçirilmiş ən böyük dəfn mərasimlərindən biri olacaq. Mərasimi işıqlandırmaq üçün 14 min jurnalistin akkreditasiyadan keçdiyi bildirilir. Onların təxminən 900 nəfəri xarici media nümayəndələridir. Belə geniş informasiya kampaniyası təsadüfi deyil. Tehran bu mərasimin görüntülərinin bütün dünyaya yayılmasını istəyir. Çünki milyonlarla insanın küçələrə çıxması hakimiyyət üçün ən təsirli siyasi təbliğat vasitələrindən biridir.
Cənazənin hərəkət marşrutu xüsusi diqqətlə hazırlanıb. Əvvəlcə Tehranda çoxmilyonlu yürüş keçiriləcək. Sonra cənazə Quma aparılacaq. Daha sonra isə İraqın şiə dünyasının iki əsas dini mərkəzi olan Nəcəf və Kərbəla şəhərlərində mərasimlər təşkil ediləcək. Yalnız bundan sonra Xamenei doğulduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında dəfn olunacaq.
Bu marşrut təsadüfi seçilməyib. İran bununla göstərmək istəyir ki, onun dini-siyasi təsiri yalnız ölkə sərhədləri ilə məhdudlaşmır. Nəcəf və Kərbəla yürüşləri Tehranın bütün şiə dünyasının ideoloji mərkəzi olmaq iddiasını nümayiş etdirir. Məhz buna görə beynəlxalq ekspertlər bu mərasimi “transmilli matəm” adlandırırlar.
İran rəhbərliyi mərasimdən diplomatik platforma kimi də istifadə etməyə çalışır. Rəsmi məlumata görə, səkkiz dövlət başçısı, on iki parlament sədri və onlarla yüksək vəzifəli nümayəndə heyəti mərasimdə iştirak edəcək. Diqqət çəkən məqamlardan biri isə Qərb dövlətlərinin siyahıda olmamasıdır. İran bununla yeni geosiyasi xəttini nümayiş etdirir. Tehran artıq özünü Qərblə dialoq quran ölkə kimi deyil, Rusiya, Çin, Pakistan və regional müttəfiqləri ilə birlikdə alternativ siyasi blokun üzvü kimi təqdim etməyə çalışır.
Mərasimin ən maraqlı sualı isə yeni ali lider Müctəba Xameneinin iştirak edib-etməyəcəyidir. Atası, anası və həyat yoldaşının öldüyü hücum zamanı yaralanan Müctəba həmin vaxtdan ictimaiyyət qarşısına çıxmayıb. O, yalnız yazılı bəyanatlar yayımlayır. İran hakimiyyəti onun dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə suala cavab verməkdən yayınır.
Əgər Müctəba milyonlarla insanın qarşısına çıxarsa, bu, faktiki olaraq onun hakimiyyətinin ilk böyük legitimlik nümayişi olacaq. Belə görüntülər ölkə daxilində hakimiyyətə keçid prosesini möhkəmləndirə bilər. Əgər o görünməzsə, ölkə daxilində və beynəlxalq aləmdə yeni suallar yaranacaq. Ən başlıca sual isə belə olacaq: İranı əslində kim idarə edir?
Bu səbəbdən Müctəbanın mərasimdə iştirakı siyasi baxımdan cənazənin özündən belə daha böyük əhəmiyyət daşıyır. İran Silahlı Qüvvələri mümkün təxribatlara qarşı sərt xəbərdarlıq edib.Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə rəhbərliyinə qarşı hər hansı yeni hücum dərhal və çox sərt cavabla qarşılanacaq. Beləliklə, dəfn mərasimi faktiki olaraq fövqəladə təhlükəsizlik rejimində keçiriləcək. İran rəhbərliyi anlayır ki, bu mərasim zamanı baş verəcək istənilən insident təkcə təhlükəsizlik deyil, həm də hakimiyyətin nüfuzuna ciddi zərbə vura bilər.Musavat.com























