Macarıstanın Baş naziri Peter Maqar Ukrayna ilə milli azlıqlar məsələsində “hərtərəfli razılıq” əldə olunduğunu açıqlayıb. Korrekt.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Maqarın sözlərinə görə, razılaşma Ukraynadakı təxminən 100 min nəfərlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsini nəzərdə tutur. Baş nazir bildirib ki, əldə olunan nəticə bir neçə həftə davam edən intensiv ekspert danışıqlarının yekunudur.
O qeyd edib ki, danışıqlarda Transkarpatiyada yaşayan macar icmasının siyasi təşkilatları və dini qurumları da iştirak edib. Maqar əlavə edib ki, Ukrayna hökuməti razılaşdırılmış tədbirləri yaxın vaxtlarda öz qanunvericiliyinə daxil etməyi öhdəsinə götürüb.
“Milli Birlik Günündən bir gün əvvəl belə bir razılaşmanın əldə olunduğunu elan etməkdən məmnunam. Bu, Transkarpatiyadakı həmvətənlərimizə indiyədək malik olduqlarından daha geniş hüquqlar verəcək”, – deyə o vurğulayıb.
Baş nazir həmçinin bildirib ki, əgər Kiyev öhdəliklərini yerinə yetirərsə, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ilk danışıqlar klasterinin açılmasını dəstəkləyəcək.
Bundan əlavə, Maqar yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, görüşün Transkarpatiya vilayətinin Berehove şəhərində keçirilməsi ehtimal olunur.
Maqar qeyd edib ki, rəhbərlik etdiyi siyasi qüvvənin hakimiyyətə gəlməsi Ukrayna ilə Macarıstan arasında münasibətlərdə yeni imkanlar yaradıb.





















