ABŞ federal məhkəməsinin andlılar heyəti milyarder İlon Maskın OpenAI şirkətinə və onun baş direktoru Sem Altmana qarşı qaldırdığı iddianı rədd edib. Korrekt.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, Mask şirkətin qeyri-kommersiya məqsədindən uzaqlaşaraq mənfəət yönümlü fəaliyyətə keçdiyini və rəhbərliyin bundan qanunsuz şəkildə faydalandığını iddia edirdi.
Mask məhkəməyə təqdim etdiyi iddiada bildirib ki, o, OpenAI-yə 38 milyon dollar sərmayə yatırıb və şirkətin hazırkı rəhbərliyinin vəzifədən uzaqlaşdırılmasını, həmçinin 150 milyard dollar məbləğində təzminat tələb edib. O, qalib gələcəyi təqdirdə əldə olunacaq vəsaiti OpenAI-nin qeyri-kommersiya bölməsinə bağışlayacağını da vurğulamışdı.
Bazar ertəsi açıqlanan qərarda doqquz nəfərlik andlılar heyəti Maskın iddianı gec təqdim etdiyini və qanunla müəyyən edilmiş müddəti keçdiyini bildirib. Məhkəməyə sədrlik edən hakim İvonne Qonzales Rocers daha sonra bu qərarı təsdiqləyərək iddianı rəsmən qüvvədən salıb.
OpenAI tərəfinin mövqeyinə görə, Mask şirkət üzərində nəzarəti ələ keçirmək istəyirdi və ona hələ 2017-ci ildə OpenAI-nin inkişafı üçün böyük maliyyə resurslarına ehtiyac olduğu, bunun isə kommersiya modelinə keçidi zəruri etdiyi izah edilmişdi.
Reuters agentliyinin məlumatına əsasən, məhkəmə zamanı Sem Altman ifadəsində bildirib ki, Mask bir vaxtlar OpenAI-də 90 faizlik pay tələb edib və şirkətin Maska məxsus Tesla ilə birləşdirilməsini təklif edib. Onun sözlərinə görə, bu addım OpenAI üçün böyük maliyyə dəstəyi təmin edə bilərdi.
Şirkətin idarə heyətinin sədri Bret Teylor isə qeyd edib ki, Maskın süni intellekt şirkəti xAI rəhbərliyində olan konsorsium 2025-ci ilin fevralında OpenAI-ni satın almaq üçün rəsmi təklif təqdim edib.
Qərardan sonra Mask sosial şəbəkə X-də paylaşım edərək Altman və OpenAI prezidenti Qreq Brokmanın “xeyriyyə təşkilatını şəxsi qazanc məqsədilə mənimsədiyini” iddia edib.
“Yeganə sual bunun nə vaxt baş verdiyidir”, – deyə Mask bildirib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. O, hökmü “xeyriyyə təşkilatlarının talan edilməsinə təhlükəli presedent yaradan qərar” adlandırıb.





















