image-egwothcqupw14d2wbackend

Məşhur milyarder bütün sponsorlarını itirir –  Bill Qeytsi nə gözləyir?

image-ads-728x90

ABŞ-ın tanınmış milyarderi və investoru Uorren Baffet uzun illərdir dəstək verdiyi Bill və Melinda Geyts Fonduna ianələri bərpa etməyəcəyini açıqlayıb. Korrekt.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, qərar ABŞ Konqresində aparılan araşdırmalar və Microsoft-un həmtəsisçisi Bill Qeytsin maliyyəçi Ceffri Epşteynlə keçmiş əlaqələri ilə bağlı yenidən gündəmə gələn iddialar fonunda qəbul edilib.
Bildirilir ki, Baffet bu məsələni müzakirə etmək üçün Nebraska ştatının Omaha şəhərində Bill Qeytslə görüş keçirib. O, araşdırmalar zamanı qanunsuz fəaliyyətə dair hər hansı məlumata rast gəlmədiyini, eyni zamanda Qeytsin vaxtilə Epşteynlə əlaqələrini kəsdiyini vurğulayıb. Bununla belə, investor bu əlaqələri “xoşagəlməz” adlandırıb və Geyts Fonduna yeni ianələr etməyi planlaşdırmadığını bildirib.
Uorren Baffet son 20 ildə Bill və Melinda Geyts Fonduna ümumilikdə 47 milyard dollardan çox vəsait ianə edib. O bildirib ki, bundan sonra xeyriyyə fəaliyyətini əsasən ailəsi ilə əlaqəli dörd fond vasitəsilə davam etdirəcək. Artıq həmin təşkilatlara təxminən 6 milyard dollar dəyərində Berkshire Hathaway səhmləri köçürülüb.
Milyarder növbəti səkkiz il ərzində hazırda təxminən 140 milyard dollar dəyərində qiymətləndirilən bütün payını həmin təşkilatlara verməyi planlaşdırır.
Bloomberg-in məlumatına görə, Bill Qeyts Fondu Epşteynlə bağlı iddiaların müstəqil araşdırılması üçün xüsusi yoxlama başladıb və nəticələrin yaxın aylarda açıqlanacağı gözlənilir.
Buna baxmayaraq, Uorren Baffet və Bill Qeyts şəxsi münasibətlərini davam etdirirlər. Bill Qeyts Bloomberg-ə açıqlamasında Baffetin fondun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirdiyini və uzun illər davam edən dostluqlarını dəyərli hesab etdiyini bildirib.
Qeyd edək ki, The Wall Street Journal da daha əvvəl Uorren Baffetin təxminən 20 ildən sonra ilk dəfə Bill Qeyts Fonduna müntəzəm ianələri dayandırdığını yazmışdı.
Xatırladaq ki, Ceffri Epşteyn işi ilə bağlı sənədlərin bir hissəsi 2025-ci ilin sonunda ictimaiyyətə açıqlanmağa başlayıb. Həmin sənədlərdə müxtəlif tanınmış şəxslərin adlarının çəkilməsi geniş ictimai müzakirələrə səbəb olub. Bununla belə, hər hansı şəxsin adının sənədlərdə qeyd olunması onun cinayət məsuliyyəti daşıdığı anlamına gəlmir və bu, hüquqi baxımdan təqsirin sübutu hesab edilmir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki